Bu ölkələrdən heyvan mənşəli məhsulların idxalına qadağa qoyuldu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

Foodinfo.az-ın məlumatına görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Liviya Dövlətinin Əl Cəbal əl Qərbi, Ən Nuqat əl Xəms, Əl Cifara və Az Zəviyyə inzibati ərazi vahidlərində xırdabuynuzlu heyvanların taun xəstəliyi, Qazaxıstan Respublikasının Aqtöbe vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Liviya Dövlətinin Əl Cəbal əl Qərbi, Ən Nuqat əl Xəms, Əl Cifara və Az Zəviyyə inzibati ərazi vahidlərindən xırdabuynuzlu heyvanların, onlaran aid ət, sümük unu, süd və süd məhsulları, trofeylər, dəri, yun, tük və genetik materialların, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Qazaxıstan Respublikasının Aqtöbe vilayətindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Liviya Dövlətindən və Qazaxıstan Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.