Azərbaycandan Aİ ölkələrinə yun və bal ixrac ediləcək

“Hazırda Heyvanların İdentifikasiyası və Qeydiyyat Sisteminin proqram təminatının yaradılması və test sınaqlarının keçirilməsində operativliyin, o cümlədən sınaq müddətində sonrakı fəaliyyətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir”.

Foodinfo.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 9 ayın yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə heyvan xəstəliklərindən azad zonalar yaradılacaq. Artıqq bununla bağlı hüquqi bazanın yaradılmasına və təşkilati işlərin görülməsinə başlanılıb: “Sistemi tətbiq etməklə bütün heyvanları izləyə biləcəyik. Heyvanların hamısının keçirdiyi xəstəliklər, vaksinasiyası, hansı təsərrüfata aid olduğu barədə məlumatlar sistemdə əksini tapacaq. Heyvan xəstəlikləri üzərində dövlət nəzarətinin təmin olunması heyvan mənşəli məhsulların ixracının artmasına imkan verəcək. Hazırda Azərbaycandaan Avropa İttifaqı ölkələrinə qoyun yunu və balın ixrac edilməsinə icazə verilməsi üzərində iş gedir”.