9 ay ərzində AQTİ laboratoriyalarında 1.5 milyona yaxın nümunə müayinə edilib

2021-ci ilin 9 ayı ərzində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyalarda ümumilikdə 1 428 232 nümunə müayinə edilib. Bu barədə AQTA sədri Qoşqar Təhməzli Agentliyin ilin ilk 9 ayındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında məlumat verib. Bildirib ki, aparılmış müayinələr zamanı nümunələrin 6 624 və ya 0.46%-də uyğunsuzluq aşkarlanıb: “Ötən ilin eyni dövründə isə 1 250 450 nümunə müayinə edilmişdi, nümunələrin 33 996 və ya 2.7%-də uyğunsuzluq aşkarlanıb”.

Foodinfo.az xəbər verir ki, Q. Təhməzli qeyd edib ki, AQTİ tərəfindən 9 elmi-tədqiqat layihəsi həyata keçirilib və hazırda bir sıra elmi-tədqiqat işləri davam etdirilir. Onlardan əkinçilikdə istifadə edilən yeni nəsil mikrobioloji məhsullar, antibiotiklərin quşçuluqda istifadəsi və antibiotiklərə dözümlülüyün elmi qiymətləndirilməsi mövzularında elmi-tədqiqat işləri həyata keçirilib və ilkin nəticələr əldə olunub. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə çirklənmiş çayların biofilterlər vasitəsilə təmizlənməsi pilot layihəsinin həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində əkin sahələrinin suvarılmasında istifadə ediləcək suyun toksiki maddələrdən bioloji əsaslı filterlər vasitəsilə təmizlənməsi həyata keçiriləcək.