Azərbaycanın fındıq şirkəti Rusiyanın iri marketlər şəbəkələrindən biri ilə müqavilə imzalayıb

Rusiyanın paytaxtı Moskvada keçirilən “WorldFood Moscow 2021” beynəlxalq ərzaq sərgisi başa çatıb.

Foodinfo.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazirliyin dəstəyi, nazirlik yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 20-dən çox Azərbaycan şirkətinin istehsal etdiyi meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, çay, süd məhsulları, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. vahid ölkə stendi ilə nümayiş olunub.

Xüsusi dadı və keyfiyyəti ilə seçilən Azərbaycan məhsulları böyük maraqla qarşılanıb. Sərgi çərçivəsində sahibkarlarımız xarici həmkarları ilə görüşlər keçirib, ixraca dair razılıqlar əldə edib, müqavilə bağlayıblar.

Belə ki, “Karaca Fındıq” MMC və Rusiyanın iri marketlər şəbəkələrindən biri ilə 18 min kq qabıqlı fındıq məhsulunun ixracına dair müqavilə imzalayıb. “Ulduz” şokolad fabriki isə Qırğızıstan, Özbəkistan və Rusiya şirkətləri ilə ümumi dəyəri 2,5 milyon ABŞ dolları olan qənnadı məhsullarının, “Azərstar” MMC isə Rusiya şirkəti ilə ümumi dəyəri 100 min dollar olan qabıqlı fındıq məhsulunun ixracına dair ilkin razılıq əldə edib. Bundan başqa, Rusiya şirkəti ilə ümumi dəyəri 1 milyon dollarına qədər narın ixracına dair ilkin razılığa gəlinib.