AQTA əməkdaşları tərəfindən meyvə bağlarında fitosanitar monitorinqlər davam etdirilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə meyvə bağlarında fitosanitar monitorinqləri davam etdirir.

Foodinfo.az xəbər verir ki, Agentliyin fitosanitar müfəttişləri tərəfindən həyata keçirilən monitorinqlər nəticəsində Qəbələ rayonunda yerləşən meyvə bağlarında karantin tətbiq edilən Kaliforniya çanaqlı yastıcası (Comstockaspis perniciosa), karantin tətbiq edilməyən alma meyvəyeyəni (Cydia pomonella), qanlı mənənə (Eriosoma lanigerum), armud ballıcası (Psylla pyri), meyvə milçəyi (Drosophila melanogaster), armud şəbəkəli taxta biti (Stephanitis pyri), almanın alternariozu (Alternaria mali) aşkar edilib. Aşkar edilmiş zərərli orqanizmlər haqqında təsərrüfat sahiblərinə geniş məlumat verilib, onlara qarşı müvafiq bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi ilə bağlı zəruri tövsiyələr verilib.

Monitorinqlər zamanı, həmçinin ixrac potensiallı müəssisələrə ixrac zamanı sahibkarın vəzifə və öhdəlikləri,  fitosanitar ixrac prosesləri və xarici ölkələrin idxal fitosanitar tələbləri haqqında bağ sahiblərinə maarifləndirici məlumatlar verilib. Eyni zamanda müayinələrin aparılması üçün məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.