AQTİ ilə Ukrayna arasında memorandum imzalanıb

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Ukrayna Respublikasının Baytarlıq Preparatları və Yem Əlavələrinə Nəzarət Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Memorandumda baytarlıq preparatları, yem və yem əlavələrinin istehsalı, daşınması, emalı, dövlət qeydiyyatı və istifadəsi ilə bağlı təcrübə mübadiləsi, baytarlıq preparatları nümunələrinin müayinə metodlarının təhlili, heyvan mənşəli məhsullarda baytarlıq preparatlarının qalıq limitlərinin müəyyənləşdirilməsi metodlarının təkmilləşdirilməsi, yemlərdə antibiotik qalıqları miqdarının ikiqat kütlə spektrli maye xromotoqrafiya cihazında (LC-MS/MS) müayinə metodunun təyin edilməsi və qarşılıqlı maraqlara xidmət edən digər istiqamətlər öz əksini tapıb.
Agentlikdən verilən məlumata görə, anlaşma memorandumuna əsasən, qarşılıqlı əməkdaşlığın təşviqi və ikitərəfli əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.