4 adda bioloji fəallığa malik qida əlavəsinin sertifikatlaşdırılmasından imtina edilib

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 3.0.33-20-ci yarımbəndinə əsasən, bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək Agentliyin vəzifələrinə aid edilib.

Agentlikdən Foodinfo.az-a bildirilib ki, bioloji fəallığa malik qida əlavələrinin idxalı “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 saylı Qərarına, ekspertizası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2018-ci il tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir.

Bioloji fəallığa malik qida əlavələrinin idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinin bu sahədəki fəaliyyətləri ilə bağlı müraciətlərə operativ və kollegial qaydada baxılmasının təmin edilməsi məqsədilə yaradılmış komissiyanın 2021-ci il 8 sentyabr tarixində keçirilən iclasında ümumilikdə 55 müraciətə baxılıb. Nəticədə müraciət əsasında idxal olunan 51 bioloji fəallığa malik qida əlavəsi sertifikatlaşdırılıb, 4 bioloji fəallığa malik qida əlavəsinin isə sertifikatlaşdırılmasından imtina edilib.

Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.