Üzüm bitkisinin karantin əhəmiyyətli xəstəlikləri

Üzüm (Vitis) qiymətli, eləcə də yüksək iqtisadi əhəmiyyətə malik kənd təsərrüfatı bitkisidir. Üzümkimilər fəsiləsi (Vitaceae) 14 cins və 1000-ə yaxın növdən ibarətdir. Təzə üzüm yüksək qidalılıq qabiliyyətinə malikdir. Belə ki, üzüm giləsinin tərkibi orqanizm üçün vacib olan faydalı, eləcə də asan mənimsənilən A, C, B, B1, B2 vitaminləri,  mineral maddələr və üzvi birləşmələrlə zəngindir.

Foodinfo.az AQTİ-nin  Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Bitki sağlamlığı şöbəsinin mütəxəssisi Aysel Səlimova tərəfindən hazırlanan elmi məqaləni təqdim edir:

Azərbaycanda üzümçülük ölkə iqtisadiyyatının ənənəvi və aparıcı sahələrindən biridir.  Strateji əhəmiyyətli üzüm bitkisində müxtəlif xəstəliklər, xüsusilə də virus və fitoplazmaların öyrənilməsi ölkəmizdə üzümçülük və şərabçılığın inkişafı üçün əsas prioritet istiqamətlərdən biridir. Statistik hesablamalara əsasən, dünyada üzümçülük təsərrüfatı virus və fitoplazma xəstəliklərinə görə hər il 10-15 % məhsul itirir.

Fitoplazmalar hüceyrə divarları olmayan mikroskopik prokariot orqanizmlərdir. Bu yoluxmaların meyvə ağaclarında, xüsusilə də üzüm bitkisində biokimyəvi və fizioloji təsiri haqqında məlumatlar məhdud saydadır. Üzüm bitkisinin fitoplazma xəstəlikləri ümumi şəkildə Üzümün sarılığı (Grapevine yellows) adlanır. Fitoplazmaların yayılmasında yarpaq mənənələri, ballıca kimi yarpaq şirəsi ilə qidalanan həşəratlar xüsusi rol oynayır.

Qeyd edək ki, Üzümün sarılığı xəstəliyinə səbəb olan fitoplazmalar qrupunun ən azı doqquz müxtəlif fitoplazma növü üzümdə xəstəliklər törədir. Onlardan ən təhlükəlisi Üzümdə qızılı saralma fitoplazması (Flavescence dorée (FD)) xəstəliyidir. Xəstəliyin yayılması Scaphoideus titanus həşəratı ilə baş verir. Yoluxma zamanı üzüm bitkisinin tumurcuq, yarpaq, çiçək və meyvələrində xəstəliyin əlamətləri meydana gəlir. İlkin vegetasiya dövründə yoluxmuş üzüm bitkisində meyvənin məhsuldarlığı azalır, çiçəklər quruyaraq tökülür. Sonrakı mərhələdə isə çiçək topaları qəhvəyi rəng alaraq büzüşür və çiçək saplağı quruyur. Bəzi sortların meyvələri isə adi toxunuşla tökülür. Ağ üzüm sortlarında fitoplazma xəstəlikləri nəticəsində yarpaqlar xlorotik saralır, qızılı rəng alaraq burulur. Qırmızı üzüm sortlarında isə yarpaqlar zəif çəhrayı rəng alır, bu qızartı əvvəlcə mərkəzi damarın kənarlarından başlayır və getdikcə yarpağın digər hissələrini də əhatə edir. Bitkinin metabolizmində baş vermiş dəyişikliklər səbəbindən üzüm salxımları büzüşür və yararsız hala düşür. Xəstəliyə qarşı fitosanitar tədbirlər aparılmadıqda çox ciddi yoluxmaya səbəb ola bilir. Yoluxmanın gücündən asılı olaraq məhsul itkisi yaranır. İnfeksiyalı salxımların yüksək turşu və aşağı şəkər tərkibli olması şərab istehsalında məhsulun keyfiyyətini aşağı salır. Üzümdə qızılı saralma fitoplazması müşahidə edildiyi halda davamlı yoluxma mənbəyi olan yoluxmuş bitkilər mütləq məhv edilməlidir. Xəstəliyin əlaməti 3 ilə qədər büruzə vermədiyindən yoluxmuş üzüm bitkilərinin mövcud olduğu bağlardan qələm, çilik, calaq kimi çoxaltma materialları götürülməməlidir. Həmçinin sahib bitkilərə qarşı mübarizə tədbirləri aparılmalıdır.

Üzüm bitkisinin digər karantin əhəmiyyətli bakterial xəstəliyi Pirs xəstəliyi (Pierce disease) və ya Üzümün bakteriozudur (Xylella fastidiosa). Pirs xəstəliyi üzüm bitkisinin ən təhlükəli bakterial xəstəliyi olub, inkişaf etməsində həssas üzüm bitkiləri, alternativ sahib bitkilər və bakteriyalar, ksilema boruları ilə qidalanan həşəratlar, həşərat və sahib bitkilər üçün uyğun mühit amilləri tələb olunur. X. fastidiosa vektor mənşəlidir. Adətən qısa məsafələrə uçan (təqribən 100-150 metr) Cicadellidae  Ceropidae fəsilələrindən olan, deşici-sorucu ağız aparatına malik, ksilema boruları ilə qidalanan vektor həşəratlar vasitəsilə yayılır. Ksilema borularının bakteriya səbəbindən tıxanması nəticəsində mineral maddələrin və suyun daşınmasının qarşısı alınır ki, nəticədə xəstəliyin simptomları meydana gəlir. Üzüm bitkisində xəstəliyin ilkin əlamətlərinə yarpağın dilimli hissələrinin quruyaraq qəhvəyi rəngə çevrilməsi və nəticədə nekrotikləşməsi aiddir. Nekroz ətrafı toxumalar isə sarı və ya qırmızı rəng almağa başlayır. Belə yarpaqlar büzüşərək tökülür, yarpaq saplağı isə zoğda qalır. Daha sonrakı illərdə də sirayətlənmiş bitki zəif inkişaf edir, zoğları qısa, xlorozlu olur. Çox həssas olan üzüm növləri yalnız 2-3 ilə qədər həyat qabiliyyətini saxlaya bilir. Davamlı sortlarda isə yoluxmalara daha az rast gəlinir və bu bitkilər 5 ildən çox müddətdə həyat qabiliyyətini saxlaya bilir. Xəstəlik meyvələrin qurumasına, məhsuldarlığın kəskin şəkildə aşağı düşməsinə səbəb olur. Həssas növlərdə məhsul itkisi özünü daha geniş miqyasda göstərir. Yoluxmuş ağaclar qırılmağa daha çox meyilli olur və onlarda uclardan geriyə doğru məhvolma prosesi müşahidə edilir. Xəstəliyin yoluxmamış ərazilərə daxil olmasının və yayılmasının qarşısının alınmasının ən effektiv üsulu xaricdən gətirilən bitki materialları, sahib bitki və vektorlar üzərində yoxlamalar aparmaq, ciddi fitosanitar tədbirləri tətbiq etməkdir. Patogendən azad, sertifikatlı tinglərdən istifadə edilməli, yoluxmuş bölgələrdən gətirilən tinglər 3 saat müddətində 45° C temperaturda olan suda saxlanılmalıdır. Bitkidə yoluxmuş budaq və zoğlar xəstəliyin olmadığı yerə qədər budanmalı və budanmış bitki qalıqları məhv edilməlidir.

Üzüm bitkisinin sarı damar mozaik virusu (Yellow vine)  xəstəliyinə Pomidorun həlqəvi ləkəlilik virusu (ToRSV) və ya Tütünün həlqəvi ləkəlilik virusu (TRSV) nepovirusları səbəb olur. Bu virusların hər ikisi də Xiphinema spp. nematodları, eləcə də toxum, əkin və çoxaltma materialları vasitəsilə daşınır. Nematodlar virusu üzüm və ya alaq otlarının yoluxmuş kökləri ilə qidalanaraq ötürür və virus vektorlarını uzun müddət özündə saxlayır. ToRSV və TRSV viruslarının əlamətləri identik olsa da, ikisi arasında bir neçə əhəmiyyətli fərq var. Yoluxma zamanı yarpağın damarları boyu sarı xətlər  və rəngli nöqtələrin meydana gəlməsi müşahidə edilir. Salxımda gilələrin sıxlığı azalır, həmçinin qeyri-bərabər yetişir. Yoluxmanın birinci ilində xəstəliyi müəyyən etmək çətindir. İkinci ildə yoluxmuş toxumadan əmələ gələn tumurcuqlar qışda soyuq hava şəraitinə çox həssas olduğundan zoğlar inkişafdan qalır, üçüncü ildə isə bütün inkişaf ləngiyir. Nəticədə üzüm bitkisi məhv olur. Soyuq hava şəraitində tumurcuqların aşağı temperatura davamlılığının azalması səbəbindən daha ciddi əlamətlər müşahidə edilir. Xəstəliyin qarşısının alınması məqsədilə viruslardan azad, sertifikatlı əkin materiallarından, eləcə də virusların yayılma ehtimalı çox olan ərazilərdə nematod və virusa davamlı sortlardan istifadə tövsiyə edilir. Yoluxmuş bitkilər sahədən çıxarılmalı və məhv edilməlidir.

Respublikamızda üzümçülüyün intensiv inkişafını təmin etmək məqsədilə kəndli-fermer üzümçülük təsərrüfatlarının və fərdi üzüm bağlarının sahələrinin artırılmasına, eləcə də ölkədaxili və dünya bazarının müasir standartlara cavab verən, bazar rəqabətinə davam gətirən keyfiyyətli və nisbətən ucuz başa gələn təzə üzüm və onun emal məhsulları ilə fasiləsiz təmin olunmasına xüsusi diqqət yetirilməlidir. Təyinat istiqamətindən asılı olaraq süfrə və texniki üzüm sortlarının ayrı massivlərdə yerləşdirilməsi, sahələrin gen cərgəli və hündür ştamplı formaya salınması üzüm kollarının xəstəlik və zərərverici riskini azaltmaqla yanaşı, bitkinin optimal bar yükünü də balanslaşdıraraq bol və keyfiyyətli məhsulun əldə olunmasına imkan yaradır. Bundan əlavə, üzüm bitkisinin vegetativ və generativ orqanlarının bir qisminin kəsilməsi ilə (yaşıl əməliyyat) tənəyə verilən forma məhsulvermə ilə böyümə arasındakı asılılığın nizamlanması, torpağa qulluq, eləcə də xəstəlik və zərərvericilərə qarşı mübarizə işlərinin asanlaşmasına səbəb olur.