Mərkəzi Baytarlıq Laboratoriyası daha bir səriştəlilik sınağında uğurla iştirak edib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının modernləşdirilməsi, eləcə də kadr potensialının gücləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir, bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələri inkişaf etdirilir.

Foodinfo.az-ın məlumatına görə, AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası növbəti dəfə “The Animal Production and Health Laboratory of the Joint FAO/IAEA” tərəfindən təşkil edilən səriştəlilik test proqramında uğurla iştirak edib. Laboratoriya dünyanın əksər nüfuzlu ölkələrinin də təmsil olunduğu “Diagnosis of Peste des Petits Ruminants by serological methods” laboratoriyalararası səriştəlilik sınağında “Xırdabuynuzlu heyvanların taun xəstəliyinin ELİSA müayinə metodu ilə təyini” üzrə yüksək nəticə əldə edib.

Qeyd edək ki, Mərkəzi Baytarlıq Laboratoriyası indiyədək İngiltərənin VETQAS (APHA SCIENTIFIC) şirkəti, Pirbrayt İnstitutu (The Pirbright Institute) və FAO tərəfindən təşkil edilən səriştəlilik test proqramlarında uğurla iştirak edib. Hazırda laboratoriyada istifadə edilən müasir cihaz və avadanlıqlar patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik və parazitoloji müayinələri həyata keçirməyə imkan verir.