“Fayton”nun rəhbəri barəsində protokol tərtib olundu

Bakının Nəsimi rayonu, Rəşid Behbudov 17 ünvanında yerləşən “Fayton” restoranında natəmizlik və sanitar normaların pozulması ilə bağlı xəbər vermişdik. Şikayət əsasında Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsi tərəfindən qeyd olunan ünvanda aparılan yoxlamanın nəticəsi açıqlanıb.

Foodinfo.az xəbər verir ki, Agentlikdən verilən məlumata görə, fiziki şəxs Hacıyeva Afaq Arif qızına məxsus “Fayton” ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb. Müəssisə rəhbərinə sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi, qida təhlükəsizliyinə dair normativ hüquqi aktların tələblərinə, sanitariya norma və qaydalarına əməl olunması ilə bağlı göstərişlər verilib. Aşkar olunmuş nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Xatırladaq ki, restoranın yaxınlığında fəaliyyət göstərən gözəllik salonunun əməkdaşı saytımıza müraciət edərək, “Fayton” restoranının mətbəxindəki üfunət iyindən, oradakı natəmizlikdən şikayətçi olmuş, mətbəxdə siçovulların öldürülüb pəncərədən atıldığını bildirmişdi.