Qurban bayramında heyvan satışı və kəsiminin təşkili müzakirə olunacaq

15 iyul 2021-ci il tarixində saat 16:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Təhlükəsiz qida” adlı onlayn verilişi “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq.

Agentlikdən Foodinfo.az-a bildirilib ki, bayram günlərində heyvan kəsimi və satışının pandemiya dövrünün tələblərinə uyğun keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Qeyd edək ki, “Təhlükəsiz qida” onlayn verilişinin budəfəki mövzusu Qurban bayramında heyvan satışı və kəsimi ilə bağlıdır.

Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyevə ünvanlaya bilərsiniz.

Qeyd edək ki, “Təhlükəsiz qida” layihəsinin həyata keçirilməsində məqsəd istehlakçıların, habelə qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsini təmin etməkdir.