Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunacaq

8 iyul 2021-ci il tarixində saat 16:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Təhlükəsiz qida” adlı onlayn verilişi “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq.

Foodinfo.az-ın məlumatına görə, verilişdə “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində AQTA-nın aidiyyəti dövlət orqanları ilə birgə həyata keçirdiyi tədbirlər müzakirə olunacaq.

Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları AQTA-nın şöbə müdiri Mansur Piriyevə ünvanlaya bilərsiniz.

Qeyd edək ki, “Təhlükəsiz qida” layihəsinin həyata keçirilməsində məqsəd istehlakçıların, habelə qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsini təmin etməkdir.