Anti-sanitar şəraitdə fəaliyyət göstərən içməli su istehsalı müəssisəsi aşkar olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Foodinfo.az xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, Bahadur Hacıyev küçəsi 61 ünvanında fəaliyyət göstərən fiziki şəxs Cəfərquliyev Elmir Əhməd oğluna məxsus qablaşdırılmış içməli su istehsalı müəssisəsinə baxış keçirilib. Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb. Belə ki, müəssisədə xammalların və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədiyi, həmçinin çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq  müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.