Şənlik mərasimlərinin keçiriləcəyi məkanların məsul şəxsləri ilə növbəti görüş keçirilib

İyulun 2-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən şənlik mərasimlərinin keçiriləcəyi məkanların məsul şəxslərinin iştirakı ilə növbəti görüş keçirilib.

Agentlikdən Foodinfo.az-a bildirilib ki, şənlik mərasimlərinin keçirildiyi məkanlarda koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə keçirilən görüşdə 30-a yaxın məsul şəxs iştirak edib. Görüş zamanı  ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri və onların vəzifəli şəxslərinə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsi ilə bağlı məlumat verilib. Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblər, eyni zamanda bu tələblərin  pozulması hallarına görə məkan və şənlik sahibinin birgə cavabdehlik daşıması iclas iştirakçılarının nəzərinə çatdırılıb.

Sonda sahibkarları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, bununla bağlı Agentliyin  təşəbbüsü ilə təşkil olunan bu görüşlər  silsilə xarakter daşıyır.