Putin restoran və kafelərin ƏDV-dən azad edilməsi haqqında qanun imzaladı

Rusiya Prezidenti Vladimir Putin tələblərə cavab verən iaşə müəssisələrini əlavə dəyər vergisindən (ƏDV) azad edən qanun imzalayıb.

Foodinfo.az xəbər verir ki, sənəd cümə günü rəsmi məlumat portalında yayımlanıb.

Bildirilir ki, restoran, kafe, bar, bufet, qəlyanaltı, yeməkxana və bu kimi digər obyektlər, habelə müştərinin seçdiyi yerdəki obyektlərin xaricindəki ictimai iaşə xidmətləri vergidən azad edilir.

Sənədə görə, ƏDV-dən azad olmaq üçün eyni vaxtda aşağıdakı şərtlər yerinə yetirilməlidir: təşkilatın illik gəliri iki milyard rublu (təxminən 46 milyon manat – red.) keçməməlidir, ictimai iaşə xidmətlərinin həyata keçirilməsi gəlirləri il ərzində 70 faizdən az olmamalıdır, təşkilat və ya fərdi sahibkar tərəfindən fiziki şəxslərə ayrılan mükafatların orta aylıq səviyyəsi Rusiyanın hər bir subyektində orta aylıq əməkhaqqından aşağı olmamalıdır.

Qanun həmçinin mədəniyyət qurumlarını gəlir vergisi hesablamaq və ödəməkdən azad edir. Rusiya bölgələrindən sahibkarlığa dəstək tədbirlərinə (yəni subsidiyalar və kiçik və orta sahibkarlığı dəstəkləmək üçün sahibkarlıq subyektlərinə təmənnasız təqdim olunan digər tədbirlər) fərdi gəlir vergisi və ƏDV tətbiq olunmayacaq.

Bundan əlavə, qanun yanacağa dempfer mexanizminin təsirini korrektə edir. Bu, neft emalı iqtisadiyyatını yaxşılaşdırmalı və Rusiyada benzinin qiymətlərinin dinamikasını inflyasiya daxilində saxlamalıdır.