“İlin sonuna qədər koronavirusu pandemiya səviyyəsindən çıxara bilərik”

“Əminəm ki, qeyri-adi hal baş verməsə, bu ilin sonuna qədər xəstəliyi pandemiya səviyyəsindən çıxarıb normal həyata yavaş-yavaş qayıda bilərik”.

Foodinfo.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı “PROACT-Care” layihəsi çərçivəsində Şamaxıda səyyar klinikaların təhvil-təslim mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda Azərbaycanda vaksinasiya prosesi sürətlə davam edir və vaksinlər əhali üçün əlçatandır: “Ölkəyə vaksinasiya çərçivəsində xeyli vaksin gətiriləcək. Bundan sonra elmi statistik məlumatlar əsasında hansı vaksinlərə ehtiyac yaranacaqsa, hansı uyğun olacaqsa, ehtiyatlarımızı daim yeniləcəyik”.

R. Bayramlı həmçinin bildirib ki, ölkədə bir gün ərzində 80 mindən çox peyvənd vurmaq imkanı var. Hədəf növbəti günlərdə bu rəqəmin 100 minin üzərinə çıxarılmasıdır: “On səkkiz yaşdan yuxarı bütün həmvətənlərimizi vaksinasiya prosesinə həvəslə qoşulmağa dəvət edirəm. Həmişə deyirdik ki, bu xəstəlikdən qorunmağın yeganə yolu peyvənd olunmaqdır. Son elmi-tədqiqatlar da bunu sübut edir. Ona görə də peyvəndlənmənin həcmi genişləndirilməli və ictimai immunitetə daha sürətlə nail olmalıyıq”.