McDonalds 20 min işçi axtarır

Nəhəng fast-food şəbəkəsi 50 yeni restoran açacaq.

ABŞ-ın iri fast-food şirkəti, gəlirinə görə dünyanın ən böyük restoran şəbəkəsi olan McDonalds pandemiyadan sonra Avropada öz biznesini genişləndirmək niyyətindədir.

Foodinfo.az xəbər verir ki, şirkət növbəti ildən Böyük Britaniya və İrlandiyada 50 yeni restoran açmağı planlaşdırır. Bundan başqa, yeni investisiya planına uyğun olaraq, iri şəhərlərin ən sıx və ofislərlə dolu küçələrində “Grab&Go” (Götür və get) tipli köşklər quraşdırılması da gözlənilir.

Yeni genişlənmə planını həyata keçirmək üçün McDonaldsa təxminən 20 min yeni işçi lazım olacaq.

Xatırladaq ki, hazırda McDonalds Böyük Britaniyada franşiza sistemi əsasında 1300 restoranı (200-ü yerli franşiza olmaqla) idarə edir və 120 mindən artıq əməkdaşı bu restoranlarda çalışır. Bütövlükdə isə McDonalds qlobal miqyasda 1,7 milyon işçisi ilə Walmart supermarketlər şəbəkəsindən sonra ikinci ən iri özəl şirkətdir.