Bu ölkədə kran suyu marketlərdə satılan sulardan xeyli üstündür

Almaniyada kran suyu Avropanın ən təmiz sularından sayılır. Əlbəttə ki, Alp dağlarından borularla İsveçrə və Avstriyada mənzillərə çatdırılan su daha populyardır. Lakin buna baxmayaraq, Almaniya bu baxımdan da geridə qalmır.

Foodinfo.az xəbər verir ki, bu günlərdə federal hökumətə təqdim olunan hesabat göstərir ki, borulardakı su kimyəvi tərkibinə və dad göstəricilərinə görə supermarketlərdə satılan qablaşdırılmış sulardan xeyli üstündür. Səbəb ondadır ki, bu ölkədə kran suyunun keyfiyyəti ildə ən azı 15 min dəfə yoxlanılır. Nəzarət orqanları əldə olunan nəticələri diqqətlə izləyir. Onların məqsədi suyun keyfiyyətinin təsdiq edilmiş standartlara uyğun saxlamaqdır. On ildən çoxdur ki, burada su xlorlanmır. Məlum olduğu kimi, suda bakteriyaların mövcudluğu təsdiqlənmədiyinə görə buna ehtiyac da olmayıb. Bununla belə, çaydanların və digər suqızdırıcı cihazlara oturan ərpdən göründüyü kimi bu ölkədə su sərt olaraq qalır.

Ölkənin hər sakini müvafiq xüsusi sayta özünün poçt indeksini daxil edərək suyun istədiyi gündəki keyfiyyətini yoxlaya bilər. Bu da demək olar ki, bütün almanlara çəkinmədən kran suyu içmək imkanı verir.