“Kənd təsərrüfatında rəqabətliliyin artırılması” layihəsi çərçivəsində növbəti görüş keçirilib

Dünya Bankının (DB) Azərbaycanda həyata keçirdiyi “Kənd təsərrüfatında rəqabətliliyin artırılması” layihəsi (Agricultural Competitiveness İmprovement Project) çərçivəsində Heyvanların İdentifikasiyası və Qeydiyyat Sisteminin (HİQS) proqram təminatının yaradılması ilə bağlı İtaliyanın “AGT S.p.A” şirkəti başda olmaqla, Çexiyanın “Solitea”, Şimali Makedoniyanın “EDUSOFT Limited” və Azərbaycanın “EKVİTA Consultants LLC” şirkətləri ilə görüş keçirilib.

Foodinfo.az-ın xəbərinə görə, görüşdə iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev heyvan xəstəlikləri və qida təhlükəsizliyi ilə əlaqədar beynəlxalq tələblərə uyğun qurulacaq informasiya sistemi, mərkəzləşmiş qaydada heyvan xəstəliklərinə nəzarət və epidemioloji təhlil barədə məlumat verib. Tədbirdə həmçinin proqram təminatının kənd təsərrüfatı və ərzaq məhsullarının ticarəti zamanı mövcud olan nöqsanların aradan qaldırılması ilə bağlı fikirlər diqqətə çatdırılıb.

Qeyd edək ki, sözügedən layihənin məqsədi kənd məhsulları istehsalçılarına sanitariya və fitosanitariya xidmətlərinin təkmilləşdirilməsi, onlara maliyyə xidmətlərinin göstərilməsi, kənd sahibkarlığının və qida sənayesinin inkişaf etdirilməsi, bununla yanaşı, qida təhlükəsizliyi və keyfiyyəti sahəsində tənzimləmə işlərinin daha səmərəli təşkil etməkdir.