“Bazarstore” mağazasının qarşısındakı elan tənqid edildi

Sosial şəbəkələrdə Bakıda “Bazarstore” şəbəkəsinə məxsus mağazalardan birinin qarşısında heyvan yemlənməsinin qadağan edilməsi ilə bağlı məlumatlar yayılıb. Mağaza rəhbərliyi tərəfindən girişdə bununla bağlı elan yapışdırıldığı bildirilir.  

Foodinfo.az  xəbər verir ki, məsələ sosial şəbəkələrdə tənqidlə qarşılanıb. Heyvansevərlər hər gün it və pişik yemindən kifayət qədər böyük məbləğdə qazanc götürən mağazanın belə addım atmasını qınayıblar. Qeyd edilib ki, dünyaca məşhur şirkətlərin küçə heyvanları üçün xüsusi kampaniyalar təşkil etdiyi, onlara sığınacaqlar ayırdığı bir vaxtda bu addımın atılması yolverilməzdir.

Məsələ ilə bağlı açıqlama almaq üçün “Bazarstore” mağazalar şəbəkəsinin Müştəri xidmətləri ilə əlaqə saxladıq. Məsələdən məlumatlı olduqları və hazırda həmin elanın hansı mağazanın girişinə yapışdırılması ilə bağlı araşdırma aparıldığı bildirildi. Həmçinin qeyd olundu ki, şirkət mövzu ilə bağlı açıqlama yayacaq.