Araz çayında brokonyerlər tərəfindən tələyə salınan balıqlar suya qaytarılıb

Araz çayının İmişlidən keçən hissəsində qanunsuz balıq ovuna qarşı reyd keçirilib. Reyd zamanı balıq ovunda istifadə edilməsi qadağan olunan sintetik torlar yığışdırılıb və xeyli sayda balıq suya qaytarılıb.
Foodinfo.az xəbər verir ki, Araz çayında brokonyerlərə qarşı təşkil olunan reyd Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları və həvəskar balıqçıların iştirakı ilə keçirilib. Hətta qanunsuz ova qarşı çıxan ətraf rayonlardan gələn balıqçılar da olub.
Reyd zamanı Araz çayının İmişli rayonun Bəhrəmtəpə, Şahverdili, Göbəktala, Məhəmmədli, Rəsullu, Yalavac və Qaralar kəndlərindən keçən hissəsinə baxış olub, istifadəsi qadağan olunmuş sintetik torlar aşkarlanaraq götürülüb.
Sabirabadlı həvəskar balıqçı Rəmzi Zeynalov deyib: “İri balıqlar üçün əsasən 50-65-lik torlardan istifadə olunur. Bu torların satışına icazə yoxdur. Amma, bəzi yerlərdə qanunsuz, gizlin satırlar. Əgər bu kimi halların qarşısı alınarsa, gələcəkdə nəinki Araz çayında, digər su hövzələrində də balıqların sayının artımı müşahidə edilər”.
Reyd əsasında təxminən çay boyunca 22 kilometr məsafədə, ümumilikdə, 500 metr sintetik tor sudan çıxarılıb. Torların üzərində olan balıqlar isə zərər görmədən suya qaytarılıb. Sintetik torlar yandırılaraq məhv edilib.
“Bu gün 15 balığın suya buraxılması bu mövsüm və gələn mövsüm üçün 1500 balıq deməkdir. Reyd zamanı brokonyerlərin yeni növ tələ qurduqları da aşkarlandı. Əvvəllər torları plastik qablara bağlayıb suya buraxırdılar, həmin qablar suda görünürdü və bilinirdi ki, burada tor qurulub. Lakin indi tora daş bağlamaqla suyun 1 metrə qədər altında tələ qururlar. Bu da gözlə görünmür. Bu cür əməllərə yol vermək olmaz”, – deyə həvəskar balıqçı Zaur İsmayılov bildirib.
Yaz ayları balıqların kürüləmə dövrüdür. Balıqlar bu dövrdə Xəzər dənizindən kütləvi şəkildə axar şirin sulara daxil olur. Bu zaman balıqlar kütləvi şəkildə brokonyerlər tərəfindən tutulur. Bunun üçün adətən həm sintetik torlardan, həm də elektrik avadanlıqlarından istifadə edilir. Bu da balıq ehtiyatının tükənməsinə gətirib çıxarır. Eyni zamanda, balıqların bu şəkildə ovlanması həm də onların nəslinin kəsilməsinə gətirib çıxarır.