AQTA və Rusiya qurumunun nümayəndə heyətləri arasında növbəti görüş keçirilib

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti qurumlarla birgə zəruri tədbirləri davam etdirir.
Foodinfo.az-ın xəbərinə görə, martın 31-də AQTA nümayəndə heyəti ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndə heyətləri arasında videokonfrans formatında növbəti görüş keçirilib. Tərəflər arasında Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırılması, həmçinin təsərrüfatlarda keçirilən birgə videomonitorinqlərin sayının artırılması müzakirə olunub.
Agentliyin sədr müavini Zəkiyyə Mustafayeva hər iki qurumun mütəxəssislərinin iştirakı ilə aparılan birgə monitorinqlərin məsələnin həlli istiqamətində əhəmiyyətini diqqətə çatdırıb. Daha sonra bitki mühafizə tədbirləri həyata keçirilmiş ərazilər və sağlamlaşdırılmış təsərrüfatlarla bağlı Agentlik tərəfindən təqdim olunmuş məlumatlara uyğun olaraq təkrar videomonitorinqlər aparılmadan həmin müəssisələrdən Rusiya Federasiyasına pomidor tədarükünə icazə verilməsi, laboratoriya səriştəlik testində birgə iştirak, həmçinin Rusiya Federasiyasından ölkəmizə taxıl məhsulları tədarük edilərkən, “Rosselxoznadzor” tərəfindən verilmiş fitosanitar sertifikatların həqiqiliyinin yoxlanılması proseduru ilə bağlı fikir mübadiləsi aparılıb.
Rusiya nümayəndə heyətinin rəhbəri Vyaçeslav Semyonov həyata keçirilən birgə nəzarət tədbirlərini yüksək qiymətləndirib və bu istiqamətdə birgə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.