Zoonoz xəstəliklərin təhlükəsi

Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən heyvanlardan insanlara və ya insanlardan heyvanlara keçə bilən, insan və heyvanlar üçün ümumi olan yoluxucu xəstəliklər zoonoz xəstəliklər (zoonozlar) kimi adlandırılıb. Hazırda insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60 %-dən çoxu zoonoz xəstəliklərin (infeksion, parazitar və s.) payına düşür. Geniş yayılmış bu xəstəliklər son dövrlər demək olar ki, bütün bioloji sferada, o cümlədən baytarlıq və səhiyyə sahəsində qlobal problemə çevrilib. Dünyada, eləcə də respublikamızda heyvan və insan sağlamlığı üçün potensial risk mənbəyi olan zoonoz xəstəliklər, eyni zamanda böyük iqtisadi itkilərə səbəb olur. Odur ki, zoonoz xəstəliklərlə mübarizə məqsədilə ilk növbədə xəstəliyin mənbəyi və yayılma yolları müəyyən edilməli və bunun əsasında qabaqlayıcı zəruri tədbirlər həyata keçirilməlidir.

Foodinfo.az Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun  Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Qiyasəddin Cəlladov, Səbinə Məmmədova, Çiçək Süleymanova, Kəmalə Əliyeva tərəfindən hazırlanan məqaləni təqdim edir:

Etiologiyasından asılı olaraq zoonozlar bakteriya, virus, helmint, göbələk və ibtidai mənşəli olaraq qruplaşdırılır.

Bakteriya mənşəli zoonoz xəstəliklər (bakteriozlar) – bakteriyalar tərəfindən törədilən qarayara, bruselyoz, tuberkulyoz, salmonelyoz, kampilobakterioz, listerioz, leptospiroz, tetanus, tulyaremiya və b. xəstəliklər bu qrupa daxildir.

Virus mənşəli zoonoz xəstəliklər (virozlar) – viruslar tərəfindən törədilən COVID-19, quş qripi, quduzluq, çiçək, dabaq, Qərbi Nil qızdırması və digər xəstəliklər bu qrupa daxil olmaqla, epidemiya və pandemiyaların baş verməsinə səbəb ola bilər.

Parazit mənşəli zoonoz xəstəliklər (helmintozlar) – bu qrupa  helmintlər tərəfindən törədilən sistiserkoz, exinokokkoz, fassiolyoz, trixenellyoz, dioktofimoz, anizakidoz və b. xəstəliklər daxildir.

Göbələk (fungal) mənşəli zoonoz xəstəliklər (mikozlar) – törədicisi göbələklər olan dermatomikoz, kandidoz və b. xəstəliklər bu qrupa aid edilir.

İbtidai (protozoal) mənşəli zoonoz xəstəliklər (protozoozlar) – toksoplazmoz, sarkosistoz, leyşmanioz, lyamblioz və digər xəstəliklər ibtidailər tərəfindən törədilir.

Zoonoz xəstəliklər sırasına, həmçinin rikketsiozlar (rikketsiya mənşəli) və mikoplazmozları da (mikoplazma mənşəli) daxil etmək olar.

İnsanların zoonoz xəstəliklərə yoluxması xəstəlik törədicisinin mənşəyindən asılı olaraq müxtəlif yollarla –  kontakt yolu ilə (xəstə heyvan və ya insanla birbaşa təmas), alimentar (qidalanma), aerogen (respirator), dişləmə və ya sancmalar, travmalar nəticəsində, eləcə də vertikal olaraq (anadan balaya) baş verir. Zoonoz xəstəliklərin insanlara yoluxmasında, həmçinin aralıq sahiblər (həşəratlar, gəmiricilər və b.) böyük rol oynayır. Həmçinin bu xəstəliklər vektor (transmissiv) xəstəliklər kimi də tanınır.

Müasir ədəbiyyatlarda “qida mənşəli zoonoz xəstəliklər” ifadəsinə də tez-tez rast gəlinir. Bu xəstəliklər adətən mikroorqanizmlərlə çirklənmiş qida məhsullarının insanlar tərəfindən istehlakı zamanı baş verir.

Avropa Birliyi ölkələrində hər il 100 minlərlə insanın qida mənşəli zoonoz xəstəliklərə yoluxması qeydə alınır. Qida mənşəli zoonoz infeksiyalara Salmonella spp, E.coli, Shigella spp, Campylobacter spp, Listeria spp və digərlərini şamil etmək olar. Nəzərə almaq lazımdır ki, zoonoz infeksiyalar heyvan mənşəli qida məhsullarına qida zəncirinin aşağıdakı mərhələlərində sirayət edə bilər:

1. Heyvanların yetişdirilməsi dövründə – heyvan yemlərinin patogen mikroorqanizmlərlə çirklənməsi birbaşa olaraq heyvanların, dolayısilə isə insanların yoluxmasına gətirib çıxarır. Eləcə də helmintlərin və ya onların sürfələrinin qida məqsədilə yetişdirilən heyvanların əzələ toxuması və daxili orqanlarında lokalizasiya etməsi qida zəncirinin istehlak mərhələsində insanların yoluxmasına səbəb ola bilər. Qida məqsədilə yetişdirilən heyvanların (iri və xırdabuynuzlu heyvanlar, quşlar, balıqlar və s.) yemləndirilməsində və müalicə praktikasında antibakterial preparatların qeyri-rasional və kortəbii istifadəsi zoonoz mikroorqanizmlərdə antibiotiklərə qarşı rezistentliyin əmələ gəlməsinə və  yayılmasına səbəb olur ki, bu da yeni rezistent mikroorqanizm ştamlarının  yaranması ilə nəticələnir. Bu isə zoonoz xəstəliklərə qarşı həyata keçirilən mübarizə tədbirlərini, o cümlədən müalicə və profilaktika işlərini çətinləşdirir.

2. Kəsim zamanı – sanitar-gigiyenik tələblər gözlənilmədiyi təqdirdə kəsim prosesində ət və ət məhsullarının mədə-bağırsaq möhtəviyyatı, dəri və s. ilə təması mikrobioloji çirklənməyə səbəb ola bilər.

3. Emal prosesi dövründə – çirklənmiş səthlər və ya xəstə insanlar vasitəsilə (tüpürcək, burun axıntısı və s.) qida məhsullarının çirklənməsi baş verə bilər.

4. İstehlak zamanı – hazır qida məhsulu müvafiq temperatur rejimində saxlanmadığı və ya termiki emal edilmədiyi (yaxşı qızdırılmadığı) halda  patogenlərlə çirklənmə baş verə bilər.

Odur ki, heyvan mənşəli məhsulların istehsalı zamanı qida zəncirinin “fermadan süfrəyə qədər” hər bir mərhələsində zoonoz infeksiyalardan qorunmaq məqsədilə qida təhlükəsizliyi tələbləri gözlənilməklə, dezinfeksiya, dezinseksiya və deratizasiya işləri tənzimlənməlidir. Həmçinin sanitar-gigiyenik qaydalar beynəlxalq tələblər çərçivəsində təkmilləşdirilməli və paralel olaraq zoonoz xəstəliklərə qarşı heyvanlar arasında müvafiq profilaktik tədbirlər (peyvəndləmə, dehelmintizasiya, ektoparazitlərə qarşı çimizdirmə və s.) həyata keçirilməlidir.