Regionların tələbatına uyğun olaraq laboratoriyaların fəaliyyəti optimallaşdırılır

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyaların modernləşdirilməsi və optimallaşdırılması istiqamətində mütəmadi olaraq tədbirlər görülür.

Foodinfo.az xəbər verir ki, 2020-ci ilin yanvar-dekabr ayları ərzində optimallaşdırma prosesi çərçivəsində regionlarda fəaliyyət göstərən laboratoriyaların kadr potensialı, maddi texniki bazası, yerləşdiyi regionun tələbləri, iş yükü və s. meyarlar üzrə diaqnostik qiymətləndirilməsi aparılıb. Qiymətləndirmə nəticəsində laboratoriyaların istiqamətinin dəyişdirilməsi və ya müayinələrin növlərinə uyğun olaraq ixtisaslaşdırılmasına dair qərar layihəsi hazırlanıb.

Ötən dövr ərzində ixrac potensialını artırmaq, nümunələrin daşınma mərhələsindəki yarana biləcək problemləri aradan qaldırmaq, sertifikatlaşdırma prosesini sürətləndirmək, regionlarda bitki, bitkiçilik məhsulları və karantin nəzarəti tədbirlərinin həyata keçirilməsini müntəzəm təşkil etmək məqsədilə Tovuz regional sınaq laboratoriyanın Fitosanitar bölməsi təsis edilib.

Eyni zamanda Gürcüstan respublikasından ölkəmizə idxal olunan qida məhsullarının, xüsusilə tez xarab olan məhsulların vaxtında laborator müayinələrə cəlb edilməsi məqsədilə Göygöl Regional Sınaq Laboratoriyasında qida məhsullarında mikrobioloji göstəricilər üzrə müayinələrin başlanmasna hazırlıq görülür.

Qeyd edək ki, yaxın zamanda Şəki və Şamaxı rayonlarında da regionun tələblərinə uyğun olaraq fındıq məhsullarənda aflatoksin və aqrokimyəvi maddələrin müayinəsi istiqmətində laboratoriyaların yaradılması nəzərdə tutulur.