Şabalıd xəstəlikləri

Fıstıqçiçəklilər fəsiləsinə aid 14 növü olan şabalıd bitkisinin Azərbaycanda təbii halda bir növü – adi şabalıd növü yayılıb. Adi şabalıd respublikamızda Böyük Qafqaz dağlarının ətəklərində, xüsusilə Şəki-Zaqatala bölgəsində geniş yayılıb. Qeyd edək ki, şabalıd ağacı 100-150 il ömür sürür. Hətta 1000 illik şabalıd ağacları da mövcuddur.

Foodinfo.az Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Bitki sağlamlığı şöbəsinin mütəxəssisləri Tərlan Qorçiyeva, Bürhanə Mürşüdova, Rəna Səfərova tərəfindən hazırlanan ” Şabalıd xəstəlikləri” adlı məqaləni təqdim edir:

Qulluq və yetişdirilməsi düzgün aparıldığı təqdirdə şabalıd olduqca məhsuldar bir meyvə ağacıdır.  Yüksək və keyfiyyətli məhsul əldə olunmasında  aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılmasının böyük əhəmiyyəti vardır. Əks halda şabalıd ağacı mikroorqanizmlər və zərərvericilərlə daha tez sirayətlənir və müxtəlif xəstəliklər əmələ gəlir. Xəstəliklər və onların törədicilərinin növündən, inkişaf tərzindən asılı olaraq vurduqları zədənin xarakteri də müxtəlif olur.

Şabalıd bağlarında göbələk mənşəli gövdə yanığı xəstəliyi daha çox  müşahidə edilir. Mülayim və isti iqlim şəraiti xəstəliyin inkişafına və geniş ərazidə yayılmasına təkan verir. Bu xəstəlik insan orqanizmi üçün təhlükəli olmasa da, bitkinin inkişafını zəiflədir və bəzən məhv edir. Qeyd edək ki, Cryphonectria parazitica Cryphonectriaceae ailəsinə məxsus göbələk növüdür. Şabalıd bitkisində C.parazitica parazitinə yaxın növlər arasında Cryphonectria radicalis, Cryphonectria naterciae və Cryphonectria japonica daha çox müşahidə olunur.  Onun parazitlik etdiyi əsas sahib növlərə Amerika şabalıdı, Avropa şabalıdı, Çin şabalıdı və Yapon şabalıdı daxildir. Xəstəliyə qarşı ən həssas növ Castanea dentata, daha sonra Castanea sativa şabalıdıdır. Bundan başqa, xəstəliyə nadir hallarda palıd (Quercus spp.), ağcaqayın (Acer spp.), Avropa vələsi (Carpinus betulus) və cırtdan şabalıdında (Castanea pumila) da rast gəlinir.

Nekrotrofik bir patogen olaraq sahib bitkilərə gövdə və budaqlarda formalaşmış böyümə çatlaqlarından, o cümlədən quraqlıq, yanğın, təbii seçmə və ya ağacların kəsilməsi nəticəsində yaranan zədələnmələrdən nüfuz edə bilir. Nəticədə nekrotik zədələnmələr (yanıqlar) formalaşdırır ki, bu da budaqları və zoğları bir neçə ay ərzində məhv edə bilir. Belə ki, gövdə yanığı sürətlə böyüyür, eləcə də yoluxmuş budaqların yarpaqları solur, sarı və ya qəhvəyi rəng alır. Yarpaq tökülmə dövründən sonra da saralmış yarpaqlar ağacın üzərində qalır. Bu, gövdə yanığı xəstəliyinin ilkin əlaməti hesab edilir. Yanıqların olduğu sahənin aşağı hissəsində ağaclar adətən epikormik zoğlar formalaşdıraraq patogenə cavab verir.

Qeyd edək ki, göbələk mənşəli gövdə yanığı xəstəliyinə qarşı tam səmərəli mübarizə tədbiri olmadığı üçün təsərrüfat sahiblərinə aqrotexniki mübarizə tədbirlərinin düzgün və vaxtında aparılması tövsiyə olunur. Belə ki, mexaniki mübarizə tədbirləri zamanı ağacın gövdəsində xəstəliyin əlamətləri müşahidə olunarsa, bu zaman yoluxmuş quru və çürümüş hissələr təmizlənməlidir. Xəstəliyə 30-60 % sirayətlənmiş ağacların budaqları zədələrdən 25 sm aşağı olmaqla kəsilməli və yandırılmalıdır. Həmçinin 60 %-dən çox sirayətlənmiş və tam qurumuş ağaclar isə kök boğazından yuxarı kəsilməli və kötüyün yerüstü hissəsi də daxil olmaqla yandırılmalıdır. Bu, xüsusilə də qış aylarında həyata keçirilməlidir ki, yazda xəstəlik digər ağaclara yayılmasın. Kimyəvi mübarizə tədbirləri kimi kimyəvi maddələrlə terapevtik işlənmə üsulları şabalıd gövdə yanığına nəzarət üçün uyğun bir seçim hesab edilmir. Çünki əksər ölkələrdə meşələrdə kimyəvi maddələrin istifadəsi məhdudlaşdırılır. Bundan başqa, funqisidlər fitotoksik təsir göstərə və ya davamlılığın formalaşmasına səbəb ola bilər. Bəzi mənbələrdə göstərilir ki, şabalıd ağaclarının fərdi olaraq triazol funqisidləri ilə, xüsusən də epoksikonazolla işlənməsi daha faydalıdır. Eyni zamanda, ağacın özünü yenidən bərpa etməsi üçün ona 15 gündən bir 3 dəfə karbendazim, benomil, epoksikonazol tərkibli funqisidlər çilənməli və ya gövdələrin inyeksiyası həyata keçirilməlidir.

Hipovirulentlik qazandırma xəstəliyi nəzarətdə saxlamaq üçün hipovirulent ştamların istifadəsi perspektivli hesab edilir. Avropada geniş tətbiq edilən mikovirus Cryphonectria hipovirus 1 (CHV-1) şabalıd yanığı xəstəliyinə qarşı uğurlu bioloji nəzarət üsulu sayılır. CHV-1 Cparasitica göbələyini yoluxdurur və parazitar böyüməsini və sporulyasiya qabiliyyətini azaldır.

Çarpazlaşdırma üsulu da geniş tətbiq edilən metodlardandır. Belə ki, Amerika və Çin şabalıdının müqayisəli transkriptom analizindən istifadə edilərək şabalıd gövdə yanığı xəstəliyinə qarşı davamlılığın formalaşmasında iştirak edən bir neçə gen müəyyən edilib. Hələ 1980-ci illərdə Amerika Şabalıd Fondu əhəmiyyətli meşə ağacı növü olaraq Amerika şabalıdını bərpa etmək məqsədilə böyük bir yetişdirmə proqramı başladıb. Bu proqramın məqsədi Çin şabalıdının yanığa davamlılığını Amerika şabalıd genomuna tətbiq etməkdir. Çarpazlaşma nəticəsində Amerika şabalıd xüsusiyyətlərinə sahib yüksək keyfiyyətli üç uğurlu hibrid nəsli formalaşdırılıb. Avropada isə Asiya və Avropa şabalıdının növlərarası çarpazlaşdırılması nəticəsində şabalıd yanığına qarşı davamlılıq göstərən hibridlər alınıb.

Son dövrlərdə gövdə yanığı xəstəliyinə qarşı davamlılıq üçün transgenik yanaşma – genomun dəyişdirilməsi texnologiyası tətbiq edilməyə başlanıb. Belə ki, buğda bitkisindən alınan oksalat oksidaz geni şabalıd genomuna daxil edilərək xəstəliyə qarşı yüksək davamlı şabalıd genomu yaradılıb. Bu gen şabalıd bitkisində ekspressiya olunaraq, C.parasitica tərəfindən hazırlanan toksini oksalik turşusunu parçalayır.

Əkin materialı kimi şabalıdın xəstəliyə davamlı növ, forma və hibridlərindən (Yapon şabalıdı, cırtdan şabalıd və s.) istifadə edilməsi vacibdir. Qeyd edək ki, ölkəyə idxal olunan sahib bitkinin əkin materialı karantin baxışdan keçirilməlidir. Bitki Mühafizəsi və Karantini üzrə Avropa və Aralıq dənizi Təşkilatı (EPPO) tövsiyə edir ki, ölkəyə idxal edilən şabalıd (Castenea spp.) və palıd (Quercus spp.) cinsinin oduncağı C.parasitica patogeni rast gəlinməyən və xəstəlik son vegetasiya dövründə müşahidə edilməyən ərazilərdən gətirilməlidir.

Şabalıd ağacları böyük iqtisadi və ekoloji əhəmiyyətə malikdir. Keyfiyyətli taxta, odun və tanin istehsalı üçün geniş istifadə edilir. Şabalıdın meyvələri isə yüksək qidalılıq dəyərinə malikdir. Şabalıdın tərkibi A, E, C, B qrupu vitaminlərlə, eləcə də dəmir, natrium, kalium, maqnezium kimi elementlərlə, Omeqa-3 və Omeqa-6 yağ turşuları ilə zəngindir. Qeyd edək ki, 100 qram şabalıdın tərkibində 160-180 kalori və 40 qram karbohidrat var. Şabalıd bu xüsusiyyətlərinə görə insana toxluq hissi verir.

İstehlakçılar şabalıdı alarkən ilk olaraq, onun həm xarici görünüşünə fikir verməli, həm də məhsulun satışa qədər düzgün saxlanmasına diqqət yetirməlidirlər. Keyfiyyətli şabalıdın rəngi parlaq, tünd qəhvəyi, qabığı bərk, çəkisi isə ağır olmalıdır. Zədəli və çatlamış, kiflənmiş, yumşaq, qeyri-təbii rəngli və xoşagəlməz qoxulu məhsulu almaq tövsiyə olunmur. Paketlənmiş formada satılan məhsulun isə etiket məlumatlarını diqqətlə oxumaq, buraxılış və son istifadə tarixinə nəzər yetirmək lazımdır. Şabalıdı otaq temperaturunda sərin və quru yerdə, 4-5 gündən çox olmamaq şərtilə saxlamaq məsləhətlidir. Məhsulu uzun müddət saxlamaq lazım gələrsə, ən yaxşısı dondurub saxlamaqdır. Həm çiy, həm də qovrulmuş şabalıd dondurucuda təxminən 6 ay saxlana bilər. Şabalıd üçün optimal saxlama temperaturu -1° C ilə 0° C arasındadır.

Şabalıdı düzgün şəraitdə saxlamadıqda kif köbələklərinin ifraz etdiyi zəhərli toksin – aflatoksin yaranır. Kiflərin səbəb olduğu zəhərlənmələr qısa müddətdə öz əlamətlərini göstərmir. Lakin uzun müddət kifli məhsulların istehlak olunması sonralar müxtəlif şəkildə özünü büruzə verir. Qeyd edək ki, aflatoksinlər, güclü zəhər və kanserogen maddələrdir. Yüksək dərəcədə xərçəng və mutasiya əmələ gətirən birləşmələr olduğuna görə, orqanizmdə ciddi fəsadlara səbəb ola bilir.