Daha 4 müəssisədən Rusiya Federasiyasına pomidor ixracına icazə verilib

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

Foodinfo.az xəbər verir ki, məsələ ilə bağlı AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) arasında aparılan müzakirələr, habelə təsərrüfatlarda həyata keçirilən birgə videomonitorinqlər və məhsullardan götürülən nümunələrin ekspertizası nəticəsində 17 mart 2021-ci il tarixindən daha 4 pomidor istehsalı müəssisəsindən (“EKO AQRO” MMC, Rzayev Hüseyn Rahib oğlu, Məmmədov Kazım Məmməd oğlu, Əliyev Fuad Paşa oğluna məxsus müəssisələr) pomidor ixracına icazə verilib.

Qeyd edək ki, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 74 pomidor müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 229218 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 179956 ton pomidor məhsulunun 127.3 %-ni təşkil edir.