Antisanitar şəraitdə fəaliyyət göstərən ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Foodinfo.az xəbər verir ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Ağdam rayonu, Quzanlı qəsəbəsi, H. Əliyev prospektində fəaliyyət göstərən, fiziki şəxs Kamalzadə Hafiz Ramiz oğluna məxsus “Şır-Şır Kafe” ictimai iaşə müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərinə cavab vermədiyi, qida məhsullarının saxlanma rejiminə, mal qonşuluğu prinsipinə əməl olunmadığı, işçilərin şəxsi gigiyena qaydalarına riayət etmədiyi aşkar edilib. Eyni zamanda müəssisədə çalışan işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi, qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin olmadığı müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, AQTA tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri bundan sonra da davam etdiriləcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.