Ətin 25 ölümcül xəstəliklə əlaqəsi

Qırmızı ət, fabrikat və quş əti yemək xərçəngdən başqa bir sıra xəstəliklərin inkişaf riski ilə əlaqəli ola bilər.

Foodinfo.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “BMC Medicine” jurnalında yayımlanan məqalədə bildirilib.
Tədqiqatın müəllifləri 25 xərçəngdənkənar patologiya ilə müxtəlif növ ətlərin istifadəsi arasındakı əlaqəni təhlil edib. Tədqiqat, orta hesabla, mütəmadi olaraq (həftədə 3 dəfə və ya daha çox) ət yediyini deyən iştirakçıların az ət yeyənlərə nisbətən sağlamlıq problemi ilə qarşılaşdıqlarını aşkarlayıb.
Qırmızı və emaldan keçən ətin tez-tez qəbulu ürək-damar xəstəliyi, sətəlcəm, şəkərli diabet, bağırsaqda polip və divertikulun yaranma riskinin artması ilə əlaqələndirilib. Gündəlik rasiona əlavə edilən hər 70 qram üçün koronar arteriya xəstəliyi riski 15%, diabet üçün 30% artıb.
Quş ətinin isə qastrit, duodenit və diabet riski ilə əlaqəli olduğu göstərilib. Gündəlik hər 30 qram qəbulda xəstəliklərin artım ehtimalı 14-17% çoxalıb.
Aşkarlanan əlaqə daha az bədən çəkisinə sahib insanlarda zəif olub. Alimlər ətin zərərinin qismən ət həvəskarlarının daha çox çəki almaları ilə əlaqəli ola biləcəyinə inanırlar.
Digər tərəfdən, elm adamları qırmızı ət və quş əti yeməyin sağlamlığa bir sıra faydalarını aşkarlayıb. Məsələn, dəmir çatışmazlığı riski hər 50 qram qırmızı ət və ya 30 qram quş əti qəbulunda müvafiq olaraq 20 və 17% azalıb.
Qeyd olunub ki, bir çox tibbi təşkilatlar bağırsaq xərçəngi, ürək-damar və şəkərli diabet xəstəlikləri riskinə görə ət istehlakını azaltmağı məsləhət görür.