AQTA mütəxəssislərinin Rusiya Federasiyasına təcrübə səfəri davam edir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun bitki sağlamlığı üzrə mütəxəssislərinin Rusiya Federasiyasına təcrübə səfəri davam edir. Səfər çərçivəsində AQTA sədrinin müşaviri Camal Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, “Ümumrusiya Bitki Karantini Mərkəzi” Federal Dövlət Büdcə Təşkilatının tabeliyində fəaliyyət göstərən Fumiqasiya Mərkəzi və Bitkilərin Mühafizəsi üzrə İnnovativ Metodların Tətbiqi və İnkişafı Mərkəzinin əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirilib.

Foodinfo.az-ın xəbərinə görə, görüşdə təzə meyvə və tərəvəzlərin fumiqasiyası, feromon tələlərinin tətbiqinin səmərəliliyi mövzusunda fikir mübadiləsi aparılıb. AQTA mütəxəssisləri Rusiya Federasiyasının ümümi fitosanitar vəziyyəti, karantin fitosanitar ərazilərin dəyişməsi və ya ləğv edilməsi üzrə praktik istiqamətlərin qurulması və idxal prosesi zamanı bitki və bitkiçilik məhsulları ilə bağlı risklərin idarə olunması tədbirləri çərçivəsində fitosanitar qiymətləndirilməsi metodikası ilə yaxından tanış olublar. Eyni zamanda iştirakçılara monitorinq və müşahidələrin aparılması, Rusiya Federasiyasının qanunvericiliyinə əsasən nəzarət tədbirlərinin tənzimlənməsi, metodiki təminatının hazırlanması və məlumat bazasının yaradılması barədə ətraflı məlumat verilib. AQTİ-nin Mərkəzi Fitosanitar Laboratoriyasının əmakdaşları entomologiya laboratoriyasında kolleksiya materialları və mikropreparatların hazırlanması, həşəratların molekulyar metodla təyini prosesini yaxından izləyiblər.

Qeyd edək ki, AQTA və AQTİ mütəxəssislərindən ibarət nümayəndə heyətinin Rusiya Federasiyasına təcrübə səfəri davam edir.