AQTİ mütəxəssisləri tərəfindən RUGİM üzvlərinə vebinar keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) üzvlərinə vebinar keçirilib.

Foodinfo.az xəbər verir y, vebinarda məktəblilərə İnstitut tərəfindən həyata keçirilən maarifəndirici tədbirlər haqqında ətraflı məlumat verilib, onlara “Qida məhsullarının etiketlənmə qaydaları” mövzusunda sosial videoçarx təqdim olunub. Daha sonra AQTİ mütəxəssisi Mədinə Cəfərzadə “Ekoloji təmiz məhsulların seçilməsi, birdəfəlik istifadə olunan qablaşdırmanın insan orqanizminə təsiri, plastik qablaşdırma materialları və onların insan orqanizminə zərərləri” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda ekoloji təmiz məhsulların parametrləri, qablaşdırmanın növləri və üstünlükləri, qablaşdırma materiallarının üzərində istifadə olunan simvollar, təkrar emal haqqında ətraflı məlumat verilib, məktəblilərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və onlara qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.