AQTA-ilə Polşa Bitki Mühafizəsi üzrə Dövlət Müfəttişliyi arasında görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Polşa Respublikasının Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında görüş keçirilib.

Foodinfo.az-ın məlumatına görə, görüşdə Agentliyin sədri Qoşqar Təhməzli iştirak edib. Tədbirdə Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında müvafiq sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi, Polşaya bitki və bitki məhsulları ixracının artırılması imkanlarının nəzərdən keçirilməsi, pestisidlərin monitorinqi, sınağı və qeydiyyatı üzrə Polşa təcrübəsinin öyrənilməsi və bitki mühafizəsi sahəsində mövcud qanunvericilik mübadiləsi ilə bağlı müzakirələr aparılıb. Tərəflər əməkdaşlığı öz səlahiyyətləri çərçivəsində və dövlətlərin qanunvericiliklərinə, eləcə də 31 may 2019-cu il tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Polşa Respublikasının Bitki Mühafizəsi və Toxum İstehsalı Dövlət Müfəttişliyi arasında fitosanitariya sahəsində Anlaşma Memorandumu”na uyğun olaraq, bərabərlik və qarşılıqlı səmərəlilik prinsipləri əsasında inkişaf etdirəcəklərini vurğulayıb. Sonda iki qurum arasında daha geniş əməkdaşlığın müvafiq struktur bölmələri vasitəsilə konkret istiqamətlər üzrə birbaşa formada həyata keçirilməsi, eləcə də mütəxəssislərin qarşılıqlı işgüzar və təcrübə səfərlərinin təşkili barədə razılığa gəlinib.

Qeyd edək ki, Polşa Respublikasının Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi Beynəlxalq Bitki Mühafizə Konvensiyası çərçivəsində milli bitki mühafizəsi təşkilatıdır.