Suyun orqanizm üçün faydaları

Su insan orqanizmində əhəmiyyətli rol oynayır. Belə ki, su metabolizm prosesində, bədən istiliyinin tənzimlənməsində, normal osmotik təzyiqin və elektrolit balansın qorunmasında iştirak edir. Həmçinin su qanda, sümükdə və beyində optimal nəm səviyyəsini saxlamağa kömək edir. Su onurğa beynin fəaliyyəti üçün vacibdir. Bol su içmək oynaq ağrılarının qarşısını alır. Su həm həzm prosesini sürətləndirmək, həm də qidanın udulması, nəqli və istifadəsini, toksinlərin və tullantıların bədəndən çıxarılmasını təmin etmək baxımından əvəzedilməz rola malikdir. Araşdırmalara görə, günlük su qəbulu qəbizliyin qarşısını almaq üçün də vacibdir.

Foodinfo.az AQTİ-nin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Biomühəndislik araşdırmaları şöbəsinin mütəxəssislərinin  suyun insan orqanizminə faydası haqqında maarifləndirici məqaləsini təqdim edir:

Su beynimizin normal funksiyasının təmin olunmasında da mühüm rol oynayır. Belə ki, beyin kütləsinin təxminən 75 %-i sudan ibarətdir. Beyin idrak fəaliyyətinin, eləcə də əhval-ruhiyyənin tənzimlənməsi üçün su vacibdir. Qeyd edək ki, uzun müddət susuz qaldıqda unutqanlıq, diqqət əksikliyi kimi hallar özünü göstərməyə başlayır. Su itkisinin bərpası ilə yaddaşa mənfi təsirin aradan qalxdığını göstərən bir sıra tədqiqatlar da mövcuddur.

Suyun pH göstəricisi keyfiyyəti müəyyən edə bilmək üçün mühüm ölçü vahididir. Suyun yararlılığından əmin olmaq üçün təmizlənmə və dezinfeksiyanın bütün mərhələlərində bu ölçü vahidinə diqqət yetirilməlidir. Qeyd edək ki, xlor ilə effektiv dezinfeksiya üçün pH 8-dən az olmalıdır. Suyun pH göstəricisinin aşağı olması (təxminən pH 7 və ya daha az) aşındırıcı təsir yarada bilər. Suyun optimal pH göstəricisi 6.5-8.5 olmalıdır. Bu, suyun tərkibinə və paylama sistemində istifadə olunan materialların (boruların) təbiətinə görə dəyişə bilir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır.