AQTA quş qripi ilə bağlı sahibkarlara müraciət edib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edir.

Foodinfo.az-ın məlumatına görə, Agentlik sahibkarları Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) tərəfindən dünyanın müxtəlif ölkələrində müəyyən olunmuş quş qripi xəstəliyi ilə bağlı məsələlərə daha diqqətli olmağa və məsuliyyətlə yanaşmağa, eyni zamanda ölkəmizə quşçuluq məhsulları idxal edərkən mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır.

Bildirilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən dünyanın 35 ölkəsində yüksək patogen quş qripi xəstəliyi müəyyən edilib. Bununla əlaqədar olaraq, həmin ölkələrin yüksək patogen quş qripi aşkarlanan bölgələrindən respublikamıza diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub. Həmçinin, aidiyyəti qurumlarla birgə nəzarət tədbirləri gücləndirilib və yüksək patogen quş qripi aşkarlanan ölkələrdən respublikamıza gələn, yaxud qeyd edilən ərazilərdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir.

Qeyd edilir ki, məhsul ölkəyə idxal edilməzdən əvvəl Agentlik və ya onun regional bölmələri vasitəsilə sözügedən məhsullara dair idxal baytarlıq tələbləri ilə tanış olsunlar və onları nəzərə alsınlar. Sahibkarlar idxal tələblərini Agentliyin www.afsa.gov.az rəsmi internet səhifəsindən əldə edə bilər. Həmçinin dünyanın müxtəlif ölkələrində bir sıra heyvan xəstəliklərinə qarşı epizootik vəziyyət barədə Ümumdünya Heyvan Sağlamlığı təşkilatının www.oie.int rəsmi internet səhifəsindən ilkin məlumatlarla tanış olmaq mümkündür.

Sahibkarların nəzərinə çatdırılır ki, beynəlxalq tələblərə və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən dövlət baytarlıq nəzarətində olan yüklərin ixracı-idxalı və tranziti Qida Təhlükəsizliyi Agentliyi və onun regional bölmələrindən həmin ölkələrdə epizootik vəziyyət, heyvan xəstəlikləri törədicilərinin yayılmasını istisna edən baytarlıq (baytarlıq-sanitariya) qaydaları barədə əvvəlcədən məlumatlar almaqla həyata keçirilir. Agentlik bəyan edir ki, heyvanlar və heyvan mənşəli məhsulların mənşə ölkəsində nəqliyyat vasitəsinə yüklənməsi yalnız AQTA-nın müvafiq icazəsindən sonra həyata keçirilməlidir.

2021-ci ilin 29 yanvar tarixinə Ümumdünya Heyvan Sağlamlığı təşkilatı tərəfindən ərazisində  yüksək patogen quş qripi xəstəliyi aşkarlanmış ölkələr aşağıdakılardır:

1. Rusiya Federasiyası

2. Bolqarıstan

3. İran İslam Respublikası

4. İsrail

5. Almaniya

6. Polşa

7. Hindistan

8. Slovakiya

9. Rumıniya

10. Macarıstan

11. Ukrayna

12. Çexiya

13. Çin

14. Səudiyyə Ərəbistanı

15. Vyetnam

16. Filippin

17. İraq

18. Qazaxıstan

19. Niderland

20. İngiltərə

21. Yaponiya

22. İsveç

23. Fransa

24. Xorvatiya

25. Belçika

26. Koreya

27. İrlandiya

28. Şotlandiya

29. Litva

30. Şimali İrlandiya

31. Kamboca

32. Küveyt

33. İtaliya

34. Danimarka

35. Amerika Birləşmiş Ştatları

AQTA bir daha quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarları diqqətli olmağa və başqa ölkələrdən respublikamıza keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq üçün müəyyən olunmuş tələblərə ciddi şəkildə əməl etməyə çağırır.