Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) heyəti Azərbaycana gələcək

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) heyəti Ermənistan işğalından azad edilmiş Şuşa şəhərində tikilməsi planlaşdırılan məktəbin yerinin müəyyənləşdirilməsi üçün sabah Azərbaycana gələcək.

Foodinfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, heyətdə MHP-nin sədr müavini Mövlud Karakaya, Ülkü Ocaqlarının rəhbəri Ahmet Yiğit Yıldırım və İspartanın keçmiş bələdiyyə sədri, baş memar Yusif Ziya Günaydın yer alır. Onlar əvvəlcə Bakıda görüş keçirəcək, daha sonra isə azərbaycanlı səlahiyyətlilərlə birlikdə Şuşada araşdırmalar aparacaq və məktəbin tikiləcəyi ərazini müəyyənləşdirəcəklər.

Qeyd edək ki, MHP lideri Dövlət Baxçalı yanvarın 16-da sosial şəbəkədə Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi tərəfindən Şuşada Üzeyir Hacıbəyovun adını daşıyan doqquz sinifli ibtidai məktəbin inşasının hədəfləri olduğunu açıqlamışdı. Baxçalı məktəbin təməlqoyma gününün 30 yanvar ola biləcəyini qeyd etmişdi.