Beynəlxalq ekspert Fahrettin Özcan AQTİ mütəxəssislərinə təlim keçib

Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Həmçinin kadr potensialının gücləndirilməsi, laboratoriya əməkdaşlarının peşəkarlıqlarının artırılması məqsədilə mütəxəssislərin mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirakı təmin edilir.

Foodinfo.az xəbər verir ki, növbəti belə təlim Türkiyənin Letgen şirkətininin rəhbəri, bu sahədə beynəlxalq ekspert Fahrettin Özcan tərəfindən İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasının virusoloq və molekulyar bioloqları ilə keçirilib.

Bildirilib ki, pomidor və bibər bitkisinin təhlükəli virus xəstəliklərindən biri də pomidor meyvələrinin qonur qırışıqlıq virusudur. Fitosanitar riski və iqtisadi zərəri baxımından Bitki Karantini və Mühafizəsi üzrə  Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) A2 siyahısına daxil edilmiş bu virus 2014-cü ildən başlayaraq Avropa qitəsində sürətlə yayılır.

Fitosanitar sahədə virusoloji müayinələrdə molekulyar üsulların tətbiqinin genişləndirilməsi məqsədilə keçirilən təlimlərdə türkiyəli beynəlxalq təlimçi F. Özcan tərəfindən Real Zamanlı PZR cihazında sözügedən virusun həmin şirkətə məxsus kit dəstləri ilə təyini üzrə zəruri məlumatlar verilib və laboratoriyada pomidor meyvələrinin qonur qırışıqlıq virusunun Real Zamanlı PZR  ilə təyini üsulunun tətbiqinə başlanılıb.