3168 ictimai iaşə müəssisəsində 50,157 monitorinq keçirilib

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində monitorinqlər keçirilib. Agentlikdən Foodinfo.az-a bildirilib ki,  AQTA əməkdaşları tərəfindən 18 avqust-11 dekabr 2020-ci il tarixlərində 23 rayon və şəhərdə ictimai iaşə obyektləri üzrə təşkil olunmuş 54 monitorinq qrupları tərəfindən 50,157 monitorinq keçirilib. Keçirilən monitorinqlər zamanı 3168 ictimai iaşə müəssisəsində 3497 nöqsan aşkar edilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən ictimai iaşə müəssisələrində bir sıra hallarda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.