5 normativ texniki sənəd layihəsi Elmi Komitədə müzakirəyə çıxarılıb

Ölkədə bitki sağlamlığının təmin edilməsi məqsədilə elmi bazanın formalaşdırılması, müvafiq texniki normativ sənədlərin, təlimat və qaydaların hazırlanması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən həyata keçirilən elmi araşdırmalar və risk qiymətləndirmələri davam etdirilir. İnstitutdan Foodinfo.az-a bildirilib ki,  İnstitutun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Bitki sağlamlığı şöbəsi tərəfindən sözügedən sahədə müxtəlif məsələləri özündə ehtiva edən 5 adda normativ texniki sənəd layihəsi hazırlanaraq İnstitutun və digər aidiyyəti qurumların mütəxəssislərinin iştirak etdiyi Elmi Komitədə müzakirəyə çıxarılıb.

“Aflatoksinin elmi risk qiymətləndirilmə hesabatı”, “Fındıqların aflatoksinlə çirklənməsinin qarşısının alınması və azaldılması norma və qaydalarına dair Təlimat”, “Qurudulmuş fındıq ləpəsinin keyfiyyət göstəricilərinə dair Təlimat”, “Emal olunmuş fındığın keyfiyyət göstəricilərinə dair Təlimat”, “Qabıqlı fındıqların keyfiyyət göstəricilərinə dair Təlimat” adlı sənəd layihələrində fındıq məhsullarının dövriyyəsinin tənzimlənməsində müasir tələblər, onun yığımı, daşınması, qurudulması, saxlanılması və ixracı, habelə aflatoksinin quruluşu, yaranma səbəbləri, qida məhsullarında miqdarı, beynəlxalq səviyyədə tənzimləmələri, əmələ gəlməsinin qarşısının alınması yolları və insan sağlamlığına təsiri ilə bağlı müxtəlif araşdırmaların nəticələri təhlil edilib.

Elmi Komitədə keçirilən müzakirələrdə sənəd layihələri mütəxəssislər tərəfindən böyük marağa səbəb olub və bu barədə geniş fikir mübadiləsi aparılıb. Sənəd layihələri növbəti mərhələdə aidiyyəti qurumlara təqdim ediləcək.