AQTA epizootik vəziyyətlə bağlı vətəndaşları diqqətli olmağa çağırır

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) tərəfindən daxil olan məlumatlara əsasən cari mövsümdə dünyanın bir sıra ölkələrində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb və hazırda xəstəliyin yayılma arealı genişlənməkdə davam edir. Agentlikdən Foodinfo.az-a bildirilib ki, daxil olan məlumatların təhlili göstərir ki, xəstəliyin törədicisi əksər hallarda vəhşi quşlar vasitəsilə yayılır və ev quşlarının yoluxması xəstə vəhşi quşlarla təmas nəticəsində baş verir. Köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu xəstəliyin yayılma riskini artırır ki, bunun qarşısının alınması üçün vətəndaşlar tərəfindən aşağıdakı zəruri  tələblərə əməl olunması vacibdir:

  • Ailə təsərrüfatlarında və müxtəlif həcmli fermer təsərrüfatlarında quşların yalnız qapalı şəraitdə saxlanması, təsərrüfatda olan quşların, həmçinin quşların yemlənməsi üçün istifadə olunan yemlərin vəhşi quşlarla təmasının qarşısının alınması;
  • Ölü halda çöl və ev quşlarına rast gəldikdə bu barədə aidiyyəti üzrə məlumat verilməsi (AQTA-nın “1003-Çağrı Mərkəzi” və regional bölmələri, rayon baytarlıq idarələri və s.);
  • Quşlarla təmas zamanı (qulluq, yemləmə, daşınma və s.) gigiyena qaydalarına ciddi şəkildə əməl olunması və sanitariya-gigiyena tələblərinin gözlənilməsi;
  • Quşların nəqliyyat vasitələrində açıq şəkildə, baytarlıq nəzarətindən kənar və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmaması;
  • Quşların açıq şəkildə satılmasına və ya yol kənarlarında, ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və digər yerlərdə diri halda satışının, yaxud nümayiş olunmasının həyata keçirilməməsi;
  • Qoruq ərazilərində, parklarda, dəniz kənarında və digər açıq ərazilərdə

vəhşi və sinantrop (yaşayış yerlərində məskunlaşmış göyərçin, sərçə, qarğa və s.) quşlarla təmasa yol verilməməsi;

  • Təsərrüfatlara başqa təsərrüfatlardan quş, yem və qulluq əşyalarının gətirilməməsi və s.

Bununla  əlaqədar olaraq, AQTA vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa, eyni zamanda xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmağa, şübhəli hallarla bağlı dərhal aidiyyəti üzrə məlumat verməyə çağırır.