Sahibkarlar arasında aparılan təbliğat-təşviqat işlərinin miqyası genişləndirilir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, koronavirus dövründə ictimai iaşə müəssisələrində COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həm sahibkarlar, həm də müştərilər tərəfindən bir sıra qaydalara əməl edilməlidir. Belə ki, insanların sıx toplaşdığı mühit infeksiyanın yayılma intensivliyinə birbaşa təsir etdiyindən COVID-19-un profilaktikası məqsədilə hər bir ictimai iaşə müəssisəsində müştəri qəbulu 2 dəfə azaldılmalı, adambaşına müəyyən edilən sahə isə 2 qat artırılmalıdır. Həmçinin qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.

İctimai iaşə müəssisələrində mütəmadi olaraq təmizlik-dezinfeksiya işləri aparılmalı, işçi heyət şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Məhsulların, mətbəxdə istifadə olunan əşya və avadanlıqların istifadədən əvvəl təmizliyi əsas şərtlərdən biridir.

AQTA-dan Foodinfo.az-a verilən məlumata görə, Agentlik tərəfindən ictimai iaşə müəssisələrində koronavirus infeksiyasına qarşı effektiv mübarizə tədbirlərinin təmin olunması ilə bağlı mütəmadi olaraq istehlakçılar və sahibkarlar arasında geniş təbliğat-təşviqat işləri həyata keçirilir. Bu məqsədlə cari ildə aparılan maarifləndirmə tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən 4 müxtəlif mövzuda buklet hazırlanaraq respublikanın bütün bölgələrində ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə paylanılmasına başlanılıb. Eyni zamanda koronavirus profilaktikasına dair hazırlanan, metodiki göstərişlərin tələblərini özündə əks etdirən 74 adda poster həm Agentliyin sosial şəbəkə hesabları, həm də onlayn media vasitəsilə işıqlandırılıb, həmçinin Bakı şəhəri daxil olmaqla respublikanın bütün bölgələrində fəaliyyət göstərən ictimai iaşə və ərzaq satışı mağazalarında quraşdırılması təmin olunub.