COVID peyvəndini hazırlayan cütlükdən daha bir xəstəliklə bağlı şad xəbər

Koronavirusa qarşı hazırladıqları peyvəndlə məşhurlaşan professor cütlük – Uğur Şahin və xanımı Özləm Türeci yeni vaksin hazırlayıblar.

Foodinfo.az Türk mediasına istinadən xəbər verir ki, BionTech şirkətinin qurucularından olan Şahin və Türeci  bu günə qədər çarəsi tapılmayan dağınıq skleroz (multiple sclerosis- sinir sisteminin iltihabı) xəstəliyinə qarşı peyvənd hazırlayıblar. Vaksindən ilk mərhələdə ümidverici nəticələr alındığı bildirilib.

BioNTech-in Cohannes Qutenberg Universiteti ilə birlikdə həyata keçirdiyi sınağın nəticələri “Science” jurnalında yayımlanıb. Vaksin əvvəlcə siçanlar üzərində təcrübə edilib. Dağınıq skleroz xəstəliyi olmayan gəmiricilər peyvənd sayəsində bu xəstəliyə ümumiyyətlə tutulmayıblar. MS olanlar isə xəstəliyi yüngül keçiriblər.

Genə əsaslanan antigen tərkibli mRNA peyvəndinin MS xəstəliyinə səbəb olan mərkəzi sinir sistemindəki xroniki iltihabın qarşısını aldığı və bununla da xəstəliyin irəliləməsinə mane olduğu, itirilən funksiyaları bərpa etdiyi müəyyənləşdirilib.

Hazırda təcrübələrin davam etdiyi bildirilib və peyvəndin bazara nə zaman çıxarılacağı ilə bağlı dəqiq tarix göstərilməyib.

Qeyd edək ki, dünyada 3 milyon insan MS-dən əziyyət çəkir.