Pomidor istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib

Ölkəmizdən Rusiyaya pomidor ixracı ilə məşğul olan sahibkarlarla Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müavini Balarəhim Quliyevin rəhbərliyi ilə görüş keçirilib.

Foodinfo.az xəbər verir ki, 50-yə yaxın sahibkarlıq subyekti ilə videokonfrans formatında keçirilən görüşdə pomidor bitkisinə qoyulan ixrac tələbləri və fitosanitar nəzarət tədbirləri ilə bağlı sahibkarlara ətraflı məlumat verilib. Bildirilib ki, istehsal olunan pomidor məhsulunun təhlükəsizlik və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara cavab verməsi daim sahibkarların diqqət mərkəzində olmalıdır. Eyni zamanda bitkiçilik təsərrüfatlarında zərərvericilərə qarşı mübarizə tədbirləri çərçivəsində yeni metodların tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyi və bu istiqamətdə həyata keçirilməsi zəruri olan tədbirlər sahibkarlıq subyektlərinin diqqətinə çatdırılıb.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.