Bal və zəncəfil koronavirusu yox edir? – HƏKİM MƏSLƏHƏTİ

Ölkəmizdə və dünyada koronavirusa yoluxanların sayı günü-gündən artmaqdadır. Mövcud vəziyyət insanları virusdan qorunmaq üçün müxtəlif üsullara əl atmağa vadar edir.

Bu barədə həkimlər də zaman-zaman mediada çıxış edir və koronavirusu yox edən və ya virusdan qorunmaq üçün bəzi təbabət vasitələrinin qəbul edilməsi barədə məsləhətlər verirlər.

Foodinfo.a xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan tibb üzrə ekspert Aydın Əliyev təbabət vasitələrin COVID-19-la mübarizədə yalnız köməkçi vasitələr olduğunu bildirib:

“Hazırda dünyada yalnız sübutlu təbabət öz təsdiqini tapır. Məsələn, qanın laxtalanması zamanı konkret preparatlar var ki, onlar qanın müəyyən qədər durulmasına səbəb olur. Bu barədə tədqiqatlar aparılıb və öz təsdiqini tapıb.

Təəssüflər olsun ki, günümüzdə tibb sahəsindən biliyi olmayan jurnalistlər COVID-19 pandemiyası barədə dezinformasiyalar yayırlar. Mətbuatda zəncəfil, bal kimi məhsulların koronavirusu müalicə etməsi barədə xəbərlər dərc edilir.

Qeyd edilən təbii vasitələr koronavirusu müalicə etmir, sadəcə xəstənin müəyyən qədər sağalmasına kömək edir. Məsələn, xəstənin damarlarında tromblaşma varsa, qan analizləri də bunu təsdiq edirsə və kompüter tomoqrafiyasında 40-50 faiz “buzlu şüşə” varsa, ona səhərdən axşama qədər zəncəfil ilə bal  yedizdirsəniz də, o xəstə sağalmaz. Bu deyilən vasitələr sadəcə yüngül xəstələrə müəyyən qədər kömək edə bilər”.

A.Əliyev həkimin rəyi olmadan atılan hər hansı addımların faciəvi nəticələrə yol aça biləcəyini deyib:

“Mən sosial şəbəkələrdə müşahidə etmişəm ki, xəstələnib sağalan insanlar reseptlər paylaşaraq, bu üsulları tətbiq edəcək koronavirus xəstələrinin sağalacağını iddia edirlər. Bu şeylər çox yalnışdır.

Yaxşı olar ki, hər zaman mütəxəssis rəyinə qulaq asılsın. İnsanlar dəqiq olmayan məlumatları dinləyərək, bunları tətbiq edir və mövcud xəstəliyi daha da ağırlaşdırırlar. Ard-arda belə səhvlərə yol vermək faciəvi nəticələrə yol aça bilir. Bu səbəbdən bu mövzuda ehtiyatlı olmaq lazımdır”.

Virusdan qorunmaq üçün ən vacib addımları sadalayan ekspert, virusa yoluxmaqla xəstələnmənin fərqli anlayışlar olduğunu bildirib:

“Koronavirusdan qorunmaq üçün ara məsafəsi saxlamaq, maska taxmaq, əl gigiyenasına riayət etmək lazımdır. Dünyada elə bir dərman yoxdur ki, onu içəndə virusa yoluxmursan.

Bu zaman ikinci bir sual yaranır, orqanizmə keçən virus orada xəstəlik yaradacaqmı, yoxsa yox? Yəni, xəstəliyə yoluxma ilə xəstələnmək fərqli anlayışlardır. Əgər xəstənin hava damcı hissəcikləri qarşıdakı insanın tənəffüs yollarına keçdisə, o insan yoluxur. Amma onun immuniteti güclüdürsə heç bir xəstəlik əlaməti əmələ gəlmir. Belə ki, onun immuniteti güclü olduğuna görə orqanizm tez bir zamanda həmin virusları məhv edir və xəstəliyin əlamətləri inkişaf etmir”.