Rusiyaya göndərilən pomidorların təhlükəsizliyi laboratoriya sınaq protokolları ilə müşayiət ediləcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyaya göndərilən hər bir pomidor partiyasının təhlükəsizliyini təsdiqləyən laboratoriya sınaq protokolları və ilkin elektron bildirişlə müşayiət edəcək.

Foodinfo.az  “Rosselxoznadzor”a istinadən xəbər verir ki, tərəflər qeyd olunan məsələyə dair video-konfrans formatında pomidor tədarükünə həsr olunan danışıqlar əsasında razılığa gəlib.

Razılığa əsasən Azərbaycandan pomidor tədarükü Rusiyanın Federal Gömrük Xidməti ilə əməkdaşlıqda “Rosselxoznadzor”un nəzarəti altında müəyyən nəzarət məntəqələri vasitəsilə həyata keçiriləcək. Məhsul partiyaları Rusiya qurumunun laboratoriyalarında karantin obyektləri üçün nəzərdə tutulan sınaqlardan keçiriləcək.

Bundan əlavə, yaxın vaxtlarda pomidor istehsalı ilə məşğul olan və Rusiyaya məhsul tədarük etməyə hazırlaşan Azərbaycanın iri müəssisələrinin real vaxt rejimində bir sıra video-yoxlamaları keçiriləcək.