Azərbaycana yeyinti məhsullarının idxalı 2%-dək azalıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 1 463 102,59 min ABŞ dollarına bərabər olub.

Foodinfo.az xəbər verir ki, “APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin 11 ayında yeyinti məhsulları üzrə idxalın dəyəri ötən ilin analoji dövrünə nisbətən 1,6% azdır.

Ümumiyyətlə, yanvar-noyabr aylarında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 15,1% təşkil edib.

Hesabat dövründə ölkəyə 72 065,88 min dollar dəyərində 39 457,67 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 0,5% çox, həcm göstəricisi üzrə isə 14,8% azdır.

Bu ilin yanvar-noyabr ayları ərzində ölkəyə 14 460,99 min dollar dəyərində (artım 11%) 9 001,98 ton (artım 12,1%) süd idxal olunub.

Ölkəyə həmçinin 73 302,98 min dollar dəyərində 14 890,73 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 15,2% və 19,5% çoxdur.