Azərbaycanda pomidor kəskin ucuzlaşdı

Azərbaycanda pomidor qiymətləri kəskin aşağı düşüb.

Foodinfo.az “MediaPost”-a istinadən xəbər verir ki, market və bazarlarda satışa çıxarılan yerli pomidorların qiyməti 3 dəfəyə yaxın enib. Piştaxtalarda ən çox ucuzlaşma “Qazax”, “Zirə” və “Salxım” pomidorlarında qeydə alınıb. Hazırda satışa çıxarılmış pomidorlar 0,79 manatdan başlayan qiymətlərlə təklif edilir. Bir neçə gün əvvələ qədər “Zirə” pomidorunun qiyməti 2,7 manat ətrafında olsa da, indi bu növün qiyməti 0,99 manata enib.

Ucuzlaşmanı təsdiq edən market əməkdaşlarının sözlərinə görə, artıq 3-4 gündür ki, pomidorlar aşağı qiymətə onlara təqdim olunur. Onlar ucuzlaşmanın davam edəcəyini istisna etmir. Məlumata görə, ötən ayda sözügedən yerli pomidor növlərinin qiyməti 1,5-3 manat arasında dəyişirdi.

Oxşar tendensiya alma qiymətlərində də qeydə alınıb. Belə ki, ötən həftələrə qədər 2 manat hədlərində olan alma qiymətləri 1,5 manata qədər ucuzlaşma nümayiş etdirib.

Ötən ilin eyni mövsümündə 5 manata qədər olan pomidor qiymətlərinin hazırda bu həddə qədər ucuzlaşmasının əsas səbəbi kimi Azərbaycan pomidorlarının Rusiya bazarına ixracında tətbiq edilmiş müəyyən məhdudiyyətlər göstərilir. Eləcə də, alma qiymətlərindəki azalma da bununla bağlıdır.

Xatırladaq ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) dekabrın 10-dan Azərbaycandan Rusiyaya alma və pomidor idxalını qadağan etmiş və bunu həmin məhsullarda Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdunun aşkarlanması ilə izah etmişdi. Lakin bir müddət sonra bir sıra müəssisələrdən məhsul idxalına tətbiq edilmiş məhdudiyyət götürülsə də, qadağa tamamilə aradan qaldırılmayıb.

Rusiyaya ixrac oluna bilməyən pomidorlar yerli bazara axın etdiyindən bu da təklifdə artıma və qiymətlərdə kəskin azalmalara səbəb olub.