Qida sahəsində idxal və ixrac prosedurları elektron qaydada həyata keçirilir

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, hazırda bitki və bitkiçilik məhsullarının ixracına fitosanitar sertikatın alınması üçün bütün ölkə üzrə sahibkar tərəfindən müraciətlərin göndərilməsi, araşdırılması, icrası, müayinə üçün nümunələrin götürülməsi, sınaq protokollarının hazırlanması, dövlət rüsumunun ödənilməsi və yekunda fitosanitar sertifikatın hazırlanması prosesləri tam olaraq elektron formada aparılır. Yekunda hazırlanmış elektron sertifikatı sahibkar AQTİS vasitəsilə öz “Şəxsi kabinet”indən əldə edə bilər. Təqdim olunan fitosanitar sertifikatın doğruluğunu sertifikat üzərində əks olunan QR kodu oxudaraq və ya e-afsa.gov.az/search ünvanına daxil olaraq sertifikatın nömrəsini qeyd etməklə yoxlamaq mümkündür.

Gələcəkdə AQTİS sisteminin idxal-ixrac əməliyyatları ilə bağlı xarici ölkələrin müvafiq qurumlarının elektron sistemləri ilə inteqrasiya edilməsi nəzərdə tutulub. Bu inteqrasiya həyata keçirildikdən sonra sertifikatların elektron formada qarşı tərəfə birbaşa ötürülməsi, sertifkatların saxtalaşdırılmasının qarşısının alınması, proseslərin sürətlənməsi, sertifikatların itməsi və ya korlanması probleminin aradan qaldırılması, həmçinin notifikasiyaların elektron formada ötürülməsi təmin olunacaqdır.