Sabah AQTA yanında İctimai Şuranın üzvləri müəyyənləşdiriləcək

Sabah, yəni noyabrın 27-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək məqsədilə səsvermə keçiriləcək. Səsvermə saat 09:30-dan 17:00-dək davam edəcək.
Foodinfo.az xəbər verir ki, seçki prosesi COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlər nəzərə alınmaqla keçiriləcək.
Qeyd edək ki, İctimai Şuraya üzvlüklə bağlı 26 namizədin müraciəti daxil olub, bunlardan 16 namizədin müraciəti seçki komissiyası tərəfindən qiymətləndirilərək qeydə alınıb. Daha sonra səsvermə prosesində iştirak edəcək vətəndaş cəmiyyəti institutu nümayəndələrini müəyyən etmək məqsədilə elan verilib və 66 namizədin müraciəti qeydə alınıb.
AQTA yanında İctimai Şura qida təhlükəsizliyi sahəsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsinə, ümumdövlət və yerli səviyyədə qərarların qəbuluna, institusional inkişafın və ölkədə qida təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli töhfə verəcəkdir. Eyni zamanda, qida təhlükəsizliyi sahəsində hazırlanacaq qanunvericilik aktları, qaydalar, texniki normativ hüquqi aktlar və digər metodiki göstərişlər ictimai rəy nəzərə alınmaqla, sahibkarların, istehlakçıların və vətəndaş cəmiyyəti üzvlərinin iştirakı təmin olunmaqla təkmilləşdiriləcək.