Azərbaycanda bu günə qədər 6 min tondan çox tütün yığılıb

Bu günə qədər Azərbaycanda fermerlər 6 065,2 ton tütün yığıb, qəbul məntəqələrinə 5 087,5 ton quru tütün təhvil velib.

Foodinfo.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, aqrotexniki qulluq qaydalarına düzgün riayət edilməsi və düzgün şitil seçimi nəticəsində bu il tütünçülükdə orta məhsuldarlıq göstəricisi yüksəlib.

Ötən ilin yekununda tütünçülükdə yekun orta məhsuldarlıq 19,3 sentner olub. Bu il tütünçü fermerlər mövsümün yekununa xeyli qalmış bu göstəricini yeniləyiblər. Hazırda məhsul yığımının davam etməsi bu il tütünçülükdə orta məhsuldarlığın ötən ilin göstəricisindən yüksək olacağını söyləməyə əsas verir.

Bu il Azərbaycanda 3 144 hektar sahədə tütün əkilib, 3 141,5 hektar sahədə bitiş alınıb. Əkin sahələrinin yarıdan çoxu ənənəvi tütünçülük bölgələrindən olan Şəki, Qax və Oğuz rayonlarının payına düşür. 2020-ci ildə Şəkidə 1 108 hektar, Qaxda 496,5 hektar, Oğuzda isə 269 hektar sahədə tütün əkilib.

Tütün üzrə orta məhsuldarlıq Şəkidə 32,5 sentner, Qaxda 13,5 sentner, Oğuzda 14,9 sentner təşkil edib. Zaqatala, Balakən, Qəbələ, Tovuz, İsmayıllı, Goranboy, Lerik, Masallı və Yardımlı rayonlarında da fermerlər sahələrdən bol məhsul götürüblər.

Azərbaycanda tütünçülüyün inkişafı dövlət səviyyəsində, müxtəlif mexanizmlərdən istifadə etməklə dəstəklənir. Tütün həm əkin, həm məhsul subsidiyasının verildiyi kənd təsərrüfatı bitkiləri kateqoriyasına daxildir. Fermerlər tütün əkilmiş sahələrin hər hektarına görə dövlətdən 280 manat subsidiya alır. Bundan başqa, fermerlərə qəbul məntəqələrinə təhvil verilən quru tütünün hər tonuna görə 50 manat, yaş tütünün hər tonuna görə isə 5 manat məhsul subsidiyası ödənilir.

Tədarükçülər fermerlərdən təhvil aldığı tütünlə bağlı məlumatları, o cümlədən alqı-satqı müqavilələrini və qəbzləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edir. Məlumatlar yoxlanıldıqdan sonra müvafiq subsidiya məbləğləri fermerlərin kartlarına köçürülür. 2020-ci ildə tütün üzrə məhsul subsidiyasının verilməsinə dekabrın ikinci ongünlüyündə başlanacaq.

Hazırda sahələrdə yığım davam edir, yığım prosesinin optimal müddətdə başa çatdırılması gözlənilir.