Azərbaycanda pərakəndə ticarət dövriyyəsi cüzi artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 28 mlrd 054,9 milyon manatlıq, o cümlədən 15 mlrd 121,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 mlrd 933,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Foodinfo.az  “Report”a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,6%, o cümlədən qeyri-ərzaq malları üzrə 6,3% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1% artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olub.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları Satışdan gəlir,

milyon manatla

2019-cu ilin yanvar – sentyabr

aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi 28 054,9 98,4
o cümlədən:
ərzaq məhsulları 13 690,5 103,4
içkilər və tütün məmulatları 1 430,9 100,2
toxuculuq məhsulları, geyim və ayaqqabılar 4 400,6 85,8
elektrik malları və mebellər 1 592,3 92,8
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 225,5 99,8
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 498,2 137,4
avtomobil benzini və dizel yanacağı 1 502,2 99,1
digər qeyri-ərzaq malları 4 714,7 97,0

2020-ci ilin yanvar-sentyabr aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,8%-i ərzaq məhsullarının, 5,1%-i içkilər və tütün məmulatlarının, 15,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%-i elektrik malları və mebellərin, 5,3%-i avtomobil benzini və dizel yanacağının, 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,8%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 23%-i ticarət müəssisələri, 51,9%-i fərdi sahibkarlar tərəfindən, 25,1%-i isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8%, fərdi sahibkarlar üzrə 2,9% artmış, bazar və yarmarkalarda isə 16% azalıb.

2020-ci ilin yanvar-sentyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 312,6 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 168,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 144,1 manatlıq qeyri-ərzaq malları alıb.