AQTA-nın həmkarlar təşkilatı ordu sıralarına qatılan əməkdaşların ailələri ilə görüş keçirib

AQTA-nın həmkarlar təşkilatı ordu sıralarına qatılan əməkdaşların ailələri ilə görüş keçirib

Ermənistan Silahlı Qüvvələrinin təxribatına cavab olaraq Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatlarını davam etdirir, düşmənə sarsıdıcı zərbələr endirir. Milli Ordumuzla fəxr edir, qürur duyuruq.

AQTA-dan Foodinfo.az-a bildirilib ki, hər bir Vətən övladı düşməni ağır məğlubiyyətə uğradaraq, geri çəkilməyə məcbur edən Ordumuzun sıralarına qoşulmaqdan şərəf və qürur duyur. Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün müraciət etmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları da ruh yüksəkliyi ilə ordu sıralarına qoşulublar.

Hər kəs zəfər anını yaxınlaşdırmaq üçün əlindən gələni əsirgəmir. Ordu sıralarına yola düşmüş hərbi vəzifəli əməkdaşların ailələrinə qayğı diqqət mərkəzində saxlanılır. AQTA-nın Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən ön cəbhədə xidmət edən Agentlik əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilmiş, onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən bundan sonra da bütün lazımi tədbirlərin davam etdiriləcəyi diqqətə çatdırılmışdır.

İşğal altındakı torpaqlarımızın erməni təcavüzkarlarından azad olunması istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirən rəşadətli Ordumuza şanlı qələbə arzu edirik.

Tanrı Azərbaycan Əsgərini qorusun, Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin! Qələbə sənindir, Azərbaycan Əsgəri!